Özbəkistan və Amerika Birləşmiş Ştatları nadir torpaq metalları üzrə birgə layihələrin həyata keçirilməsi barədə saziş imzalayıblar. AzPost “Uzbekistan24” saytına istinadla xəbər verir ki, bu barədə məlumat Özbəkistan Prezidenti Şavkət Mirziyoyevin rəsmi səhifəsində yerləşdirilib.
Sənədə əsasən, tərəflər ölkə ərazisində yerləşən nadir metalları birgə hasil edib emal edəcəklər. Layihələr Özbəkistanın Dirçəliş və İnkişaf Fondu ilə ABŞ-ın “Re Element Technologies” şirkəti arasında əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.
Məlumata görə, sazişin imzalanma mərasimi Prezident Şavkət Mirziyoyev və ABŞ-ın ticarət naziri Hovard Lütnikin iştirakı ilə baş tutub. Tərəflər bildiriblər ki, bu əməkdaşlıq ölkənin sənaye və texnologiya potensialının artırılmasına mühüm töhfə verəcək.
Bundan əlavə, səfər zamanı süni intellekt sahəsində təcrübə mübadiləsi, nasos stansiyalarının yenilənməsi və suya qənaət edən texnologiyaların tətbiqi ilə bağlı da əlavə razılaşmalar əldə olunub.