Özünü qumbara ilə partladaraq öldürən şəxslə bağlı məlumat yayıldı –

RƏSMİ
27 İyul 2021 - 19:00

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində özünü partladaraq öldürən şəxslə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.