Mayın 14-də Roma Papası XIV Leo Rusiya və Ukrayna arasında vasitəçi olmaq təşəbbüsü ilə çıxış edərək, nəhayət sülhün bərqərar olması üçün əlindən gələni edəcəyini bəyan edib. O, bu barədə 23 Şərqi Katolik kilsəsinə həsr olunmuş 2025-ci ilin müqəddəs ili münasibətilə keçirilən tədbirdə açıqlama verib. AzPost xəbər verir ki, onun sözlərini Agence France-Presse agentliyi yayıb.
“Müqəddəs Torpaqlardan Ukraynaya, Livandan Suriyaya, Yaxın Şərqdən Tiqraya və Qafqaza qədər – indi bu torpaqlarda nə qədər zorakılıq görürük! “Mən öz tərəfimdən bu sülhün nəhayət hökm sürməsi üçün hər cür səy göstərəcəyəm”, – deyən Papa, bütün dindarları münaqişənin baş verdiyi ölkələrdə sülh və əmin-amanlıq üçün dua etməyə çağırıb.
Agentliyin materialında qeyd olunur ki, Müqəddəs Taxt-Tac xalqlara ümid və dinc ləyaqəti bərpa etmək üçün “düşmənlər arasında dialoqu” asanlaşdırmağa həmişə hazırdır.
“Planetimizin xalqları sülh istəyir və mən bütün qəlbimlə onların liderlərinə müraciət edirəm: gəlin görüşək və danışıqlar aparaq”, – XIV Leo deyib.