Gürcüstanda bu il keçiriləcək parlament seçkilərinə 42,8 milyon lari (14,8 milyon dollar) vəsait ayrılacaq.
Gürcüstan Mərkəzi Seçki Komissiyası bu barədə qərar qəbul edib.
Qərar layihəsində bildirilir ki, vəsaitin 19,5 milyonu əməkhaqlarının ödənilməsinə sərf ediləcək. Seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq təlimlərə 1 milyon 061 min, seçki subkeyktlərinin televizayada reklamı üçün isə 2 milyon 111 min 674 lari vəsait nəzərdə tutulub. Seçki subyektlərinin maliyyələşdirilməsinə 7 milyon 238 min 050 lari yönəldiləcək.
Qeyd edək ki, Gürcüstanda növbəti parlament seçkiləri oktyabr ayına planlaşdırılıb.
Ekspertlərin fikrincə, ayrılan vəsait seçki ərəfəsində artırıla bilər. Builki seçkilərin də majoritar və proporsional seçki sistemləri üzrə keçirilməsi planlaşdırılır. Lakin müxalifət seçkilərin yalnız proporsional sistem üzrə keçirilməsini təklif edir və bununla bağlı iqtidar-müxalifət danışıqları davam edir. İqtidar isə majoritar deputatların sayının azaldılmasını təklif edir.
Əgər seçkilər hər iki sistem üzrə keçirilərsə, bəzi dairələrdə təkrar seçkilər qaçılmaz olacaq. Bu səbəbdən də seçkilər üçün yeni vəsaitin ayrılması zərurəti yarana bilər(azərtac).