Parlamentdə işğaldan azad olmuş ərazilərdə tarixi adların bərpası ilə bağlı təkliflər səsləndirilib

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlayn iclasda komitə sədri Siyavuş Novruzov bildirib ki, müzakirəyə Regional məsələlər komitəsinin ötən yaz və növbədənkənar sessiyalar dövründə fəaliyyətinə dair hesabat və qarşıdakı payız sessiyası üçün iş planının layihələri çıxarılıb.

Siyavuş Novruzov iş planı ilə bağlı bildirib ki, qarşıdakı sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində qanunlara dəyişikliklərin edilməsi, həmçinin aidiyyəti qurumlarla, yerli idarəetmə orqanları ilə dinləmələrin keçirilməsi kimi məsələlər nəzərdə tutulub.

İclasda komitə üzvləri Nizami Cəfərov, Səbinə Xasayeva, Aqil Məmmədov, Kamran Bayramov, Tahir Rzayev, həmçinin Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək gündəliyə dair fikirlərini bildiriblər, işğaldan azad olmuş ərazilərdə tarixi adların bərpası, bələdiyyələrin işinin təşkili və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Onlayn tədbirdə Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, deputatlar Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov, Səttar Möhbalıyev, Cavid Osmanov və Əliabbas Salahzadə iştirak ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

“Təmiz Şəhər” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib –