“Paşinyan sülh bəyanatı verir, real addımdan yayınır” –POLİTOLOQ ŞƏRHİ

“Paşinyan iki ilə yaxındır sülhlə bağlı bəyanatlar verir, amma real addımdan yayınır. Sülh sazişi ilə bağlı ortada rəsmi Bakının irəli sürdüyü beş bəndlik sənəd var. Sülh müqaviləsini İrəvan imzalamaq istəyirsə, o zaman siyasi iradə ortaya qoymalı, Bakının şərtlərini qəbul etməlidir, addım atmalıdır”.

Bu sözləri Azpost.info-ya açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın “üç prinsip üzrə Azərbaycanla razılaşma əldə olunub” fikirlərini təhlil edən analitik qeyd edib ki, erməni tərəfinin bəyanatında yeni heç nə yoxdur: “Paşinyan əvvəl verdiyi bəyanatları ən müxtəlif formalarda təkrarlamaqla məşğuldur. Guya ki, İrəvan nəsə yeni məsələ gündəmə gətirir. Ola bilər ki, Paşinyanın növbəti bəyanatı vaxt uzatma strategiyasına hesablanıb. Çünki indiyədək biz İrəvanın zaman qazanma strategiyası ilə siyasət apardığının şahidi olmuşuq”.

“Sülh sazişi ilə bağlı danışıqlar o zaman dalana dirəndi ki, rəsmi İrəvan Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsini gündəmə daşıdılar, şərt kimi irəli sürdü. Rəsmi Bakı dəfələrlə bəyan etdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə qorunacaq, Azərbaycan milli azlıqlarla bağlı qoşulduğu beynəlxalq konvensiyalara uyğun həyata keçiriləcək. İrəvan isə hansısa status istədilər, ermənilərin hüquq və təhlükəsizliyi məsələsinin şərtsiz, sərhədsiz olmasını istədilər, yenə də ərazi iddiası ortaya qoydular. Bununla da, sülh danışıqları dalana dirənmiş oldu. Yəni sülhün əldə olunmamasında hər zamankı kimi, İrəvan günahkardır”, – analitik vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycanın şərtlərini İrəvan qəbul etmədiyi müddətdə erməni tərəfindən verilən sülh bəyanatlarının səmimiliyinə inanmaq olmur: “Ola bilsin ki, reallığı tam dərk etmiş olsunlar, başqa yollarının qalmadığını anlasınlar. Bütün hallarda, Bakının tam şərtləri yerinə yetirilmədən sülh sazişinin Paşinyanın dediyi kimi, tezliklə imzalanacağı sual altındadır. Bütün hallarda, prosesin gedişini və İrəvanın belə bəyanatlardan sonra atdığı addımları izləmək lazımdır. Əvvəlki kimi, sülh bəyanatı verib, ardınca təxribatçı siyasət həyata keçirəcəklərsə, o zaman əvvəldə dediyim kimi, yenidən Ermənistan zaman qazanma üsuluna əl atıb”.

Anar ABDULLA

 

Əvvəlki məqalə

Məhkəmə Arif Hacılının oğlu barəsində həbs qərarı verdi

Sonrakı məqalə

Almaniyanın xarici işlər naziri Bakıya gəlir