Baş nazir Nikol Paşinyan Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələcəyi təqdirdə, İrəvanın bunu etiraz etməyəcəyini bildirib.
“Armenpress”in məlumatına görə, Paşinyan bu məsələyə Ermənistan hökumətinin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə toxunub.
“Bu müddət ərzində Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq. Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olmasını həyati zərurət hesab etmirik. Əgər Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, biz etiraz etməyəcəyik, amma onlar qalmaq istəsələr, biz bunu da müzakirə etməyə hazırıq. Amma biz bu müddət ərzində bu məsələləri heç vaxt qaldırmamışıq”, – Paşinyan qeyd edib.
Xatırladaq ki, Bişkekdə Paşinyanla görüşdən sonra jurnalistlərlə söhbətində Rusiya Prezidenti Vladimir Putin Ermənistandakı Rusiya hərbi bazası mövzusuna toxunub. O, Ermənistanın Rusiya hərbi bazasına ehtiyacı olmadığını düşündüyü təqdirdə, sabah oradan çıxa biləcəklərini vurğulayıb.