Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb

18 Avqust 2020 - 22:56

Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar qəbul edib.

“Peşə  Təhsilinin İnkişafı Fondu” publik  hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib, Fondun işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.

Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Nazirlər Kabinetinə:

– Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– idarəetmə orqanlarının yaradılması;

– “Publik hüquqi şəxslər haqqında” qanunda nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

– Fondun yenidən təşkili və ləğv edilməsi;

Təhsil Nazirliyinə:

– “Publik hüquqi şəxslər haqqında” qanunda publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını və onlar arasında ədalətli bölgüsünü təmin etmək üçün onların maliyyə vəziyyəti nəzərə alınmaqla əldə etdikləri büdcədənkənar vəsaitdən Peşə Təhsilinin İnkişafı Fonduna ayırmaların məbləğini müəyyən etməlidir.