“Pfizer”vaksinini vurduranlar üçün ödənişlər ləğv olunub

11 İyun 2021 - 15:11

“Pfizer” vaksinini vurdurmaq üçün özəl klinikalara müraciət edənlər peyvənddən əvvəl tibbi müayinə zamanı ödəniş etməyəcəklər.

Əvvəlki qaydaya görə, vaksini vurdurmaq üçün özəl “Leyla Medical Center” və “Caspian İnternational Hospital”a müraciət edən şəxslərin peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq həyata keçirilirdi. Belə ki, peyvəndlənmədən əvvəl müayinəyə ehtiyac yaranırdısa, həmin müayinələr ödənişli əsaslarla aparılırdı.

Qeyd edək ki, özəl klinikalarda peyvənd vurdurmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərkən bununla bağlı yerləşdirilmiş “Özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssisəsinə müraciət edə bilərsiniz” bildirişi də saytdan çıxarılıb.

“Leyla Medical Center” və “Caspian İnternational Hospital”dan APA-ya məlumatı təsdiqləyiblər.

Əlavə edək ki, hazırda “Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.