Çexiyanın Karlovı Varıya yaxın Qroznətin şəhərində ötən gecə qeyri-adi xilasetmə əməliyyatı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, yerli ilan fermasının sahibi təcili yardım xidmətinə zəng edərək pitonun onu boğduğunu bildirib. Hadisə yerinə gələn xilasedicilər iki metr uzunluğunda, “Meri” adlı pitonu onun boynundan çıxarmağa nail olublar.
Xilasetmə xidmətinin sözçüsü Martin Kasalın verdiyi məlumata görə, zəng edən şəxsin səsindən vəziyyətin kritik olduğu dərhal hiss olunub. Cəmi yeddi dəqiqə sonra hadisə yerinə çatan xilasedicilər ilanı böyük çətinliklə, heyvana zərər vermədən ayırıblar və onu yenidən terrariuma yerləşdiriblər.
Zərərçəkənə ilkin tibbi yardım, o cümlədən oksigen dəstəyi göstərilib. Həm ferma sahibi, həm də piton sağ qalıb.
Qeyd olunub ki, bu, həmin pitonla bağlı ilk hadisə deyil.