“Polis əməkdaşları itkin kimi tapılmış yetkinlik yaşına çatmış, yaxud digər yaş kateqoriyasında olan şəxsi heç vaxt məcburi şəkildə ailəsinə təhvil vermir“.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev bununla bağlı sorğulara cavabında deyib.
” Bu şəxslərlə bağlı soruşulur ki, bəlkə həmin adam ailəsinə qayıtmaq istəmir, polis hansı tədbirləri görür?
Polis əməkdaşları yetkinlik yaşına çatmış, yaxud digər yaş kateqoriyasında olan şəxsi heç vaxt məcburi şəkildə ailəsinə təhvil vermir. Axtarışda olan şəxs tapıldıqda, ilk növbədə onun sağlamlığı yoxlanılır, ailəsi ilə ünsiyyətdə öz iradəsi ilə olub-olmadığı müəyyən edilir”- deyə DİN rəsmisi vurğulayıb.
E.Hacıyevin sözlərinə görə, zorakılıq ehtimalı varsa, araşdırılır və həmin şəxs ailə mühitinə qaytarılmır, əksinə, müdafiə mexanizmləri işə düşür: “Yəni məqsəd kimisə kiməsə təhvil vermək deyil, şəxsin təhlükəsizliyini təmin etməkdir. Hər kəsin iradəsinə hörmət olunur və zorakılıqla bağlı ən kiçik şübhə belə diqqətdən kənarda qalmır, qalmamalıdır”.
E.Hacıyev bildirib ki, DİN itkin düşmüş kimi axtarışı aparılan və polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilən şəxslərlə bağlı gündəlik hesabat verir.