Postsovet “NATO”sunun gələcəyi varmı? –Karnegi Fondu (TƏHLİL)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hələ də özünü doğrultmaq şansı var. Bunun üçün ABŞ qüvvələri Əfqanıstandan çıxandan sonra effektli və koordinasiyalı iş ortaya qoymalıdır.

Bu barədə Karnegi fondunun saytında Kiril Krivoşeyev yazır.

Bu hərbi alyansa Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Müəllif qurumun nə üzvləri arasında, nə də kənarda populyar olduğunu yazır. “Səbəb onun üzvlərinə baha başa gəlməsi, yaxud aqressiv ekspansionist siyasəti deyil. Səbəb çox bayağıdır: onun haqqında az bilirlər”, – yazan müəllif son bir ildə KTMT-nin mövcudluğunun ekspert müzakirəsi səviyyəsindən daha geniş siyasi spektrə keçdiyini yazır.

Əsas problemli məsələ ötən il 2-ci Qarabağ müharibəsi zamanı çıxıb. Azərbaycan 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Amma KTMT-nin münaqişəni əsasən gözardı etməsi Ermənistan cəmiyyətini narazı salıb. Onlar münaqişənin Azərbaycan ərazisində getməsilə bağlı KTMT-nin qanuni arqumentini qəbul etməyiblər.

Nəzəri olaraq, bu halda KTMT-nin 4-cü maddəsi işə salına bilərdi. Həmin maddədə deyilir ki, üzvlərdən birinə silahlı hücum bütün üzv ölkələrə hücum hesab olunacaq. Baş nazir Nikol Paşinyan bu ilin payızında elə bu maddəni əsas tutaraq KTMT-yə müraciət etdi. O zaman Ermənistan Azərbaycan əsgərlərinin onun ərazisinə girdiyini iddia edir, Azərbaycan isə sərhəd mövqelərini müəyyənləşdirdiyini deyirdi.

Amma rəsmi xahiş Düşənbədə nazirlər səviyyəsində sammitdə rədd edildi.

Qurumun son bir ildə üzləşdiyi digər problem isə apreldə Qırğızıstanla Tacikistan arasında yaranmış sərhəd konfliktidir. O zaman KTMT baş katibi Stanislav Zas tərəfləri barışığa çağırmışdı.

Müəllif qurum üzvlərinin zaman-zaman KTMT-nin imicini yüksəltməyə, prinsipləri hərəkətə çevirməyə çalışdığını yazır. 2017-ci ildə Rusiyada KTMT-nin təkcə sərhədləri daxilində deyil, xaricdə də təhdidlərlə savaşmalı olması məsələsi qaldırılıb. O zaman Moskva müttəfiqlərindən Suriyaya kontingent göndərməyi xahiş elədi, amma bircə Ermənistan buna əməl etdi, “öz sadiqliyini göstərməyə çalışdı”.

Məqalədə KTMT-nin Əfqanıstanda yaranmış son vəziyyətlə əlaqədar koordinasiyalı fəaliyyət göstərərək özünü doğrulda yazır. Qurum bu il Tacikistanda üç, Rusiyada bir təlim planlaşdırır. Müəllifin fikrincə, Rusiya Əfqanıstanla bağlı riskləri önləmək üçün ardıcıl strategiya hazırlaya bilsə, KTMT-nin faydasına şübhələr xeyli azalar.

ABŞ qüvvələri Əfqanıstandan çıxarıldıqca Taliban silahlı qruplaşması ölkənin şimalında böyük ərazilər ələ keçirir. Amma iyulun 8-də qruplaşma təmsilçiləri Moskvaya səfər zamanı deyiblər ki, Orta Asiya ölkələrinin sərhədlərini pozmayacaqlar. Onlar Əfqanıstanda xarici diplomatik və konsulluq missiyalarının təhlükəsizliyinə də təminat veriblər. Bu haqda Rusiya XİN məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avtomobil Yolları Dövlət Agentliyinə 6,2 milyon manat ayrılıb –

Sonrakı məqalə

“Kabil aeroportundakı rolumuz haqda ABŞ -la danışıqlar davam edir” –