Səhiyyə naziri Teymur Musayev dövlət başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 150 çarpayılıq xəstəxananın bina və qurğuları 6,1 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 18 min 288,4 kvadratmetrdir.
Qeyd edilib ki, səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.
Xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftolmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir.
Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün PHACO AMO cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.
Xəstəxananın həyəti abadlaşdırılıb, yaşıllıq sahələri salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar, həyata keçirilən layihələr sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və əhatə dairəsi yüksəlib. Görülən işlər əhalinin sağlamlığının qorunmasına, onların hərtərəfli tibbi xidmətlərlə əhatə olunmasına imkan verir ki, bu da vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.