Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev politoloqlarla görüşüb

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə fevralın 19-da keçirilmiş “Siyasi dialoqun Azərbaycan modeli” adlı altında görüşü keçirilib.

“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər çərçivəsində təşkil olunmuş növbəti görüşdə tanınmış politoloq və siyasi şərhçilərlə yanaşı, ölkənin müvafiq sahədə ixtisaslaşmış qabaqcıl QHT rəhbərləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi adından iştirakçıları salamlayaraq, şöbənin əsas fəaliyyət istiqamətləri və prioritetləri, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən siyasi partiyaların canlanması və dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqunun davamlı şəkildə inkişaf etdiyini qeyd edən Administrasiya rəsmisi cəmiyyətin fəal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutmasının əhəmiyyətindən bəhs edib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu “Azərbaycanda siyasi dialoq mədəniyyəti yeni inkişaf mərhələsində”, Musa Qasımlı “Diskussiya mədəniyyəti: keçilən yol, mövcud vəziyyət və perspektivlər”, Hikmət Babaoğlu “İctimai siyasi münasibətlər sistemi tariximizdə yeni plüralist əməkdaşlıq mərhələsi”, Cavanşir Feyziyev “Siyasi dialoqun zərurəti: Siyasi dialoq – milli təhlükəsizliyin mühüm elementi”, həmçinin tanınmış politoloqlar Eldar Namazov “Dəyişən dünyada milli birliyin və ölkə daxili dialoqun vacibliyi”, Fariz İsmayılzadə “Milli Həmrəylik və dialoq üçün təhsil platforması”, Tofiq Abbasov “Qarşılıqlı anlaşmadan təkamülə doğru”, Rufiz Qonaqov “Siyasi dialoq – Həmrəylik və Vətən müharibəsi”, Rauf Arifoğlu “Siyasi dialoq düşmənin informasiya təxribatlarına qarşı milli dirənişin əsası kimi” və Elşad Eyvazlı “Siyasi dialoqda medianın rolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı üçün bütün amillərin mövcudluğunu qeyd edən tədbir iştirakçıları mövcud istiqamətdə əməkdaşlığa hazır olduqlarını və öz fəaliyyətlərində mövzuya xüsusi diqqətin ayıracaqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfv Komissiyasının növbəti iclası keçirilib –

Sonrakı məqalə

Həbsdə olan atası üçün gətirdiyi sovqatın içində narkotik çıxdı –