Prezident İlham Əliyev Zakir Qaralovla telefonla danışdı

30 Aprel 2020 - 13:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Zakir Qaralovla telefonla danışıb. 

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı dövlət başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

Fəaliyyətinə verilən qiymətə görə dərindən minnətdarlıq edən Zakir Qaralov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. “Azərbaycan Respublikasının Baş prokurorunun vəzifəyə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyi irəli sürülüb.