Prezident İlham Əliyev Putinlə Brüssel danışıqlarını müzakirə edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.

Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb.

Tərəflər ikitərəfli münasibətlərin cari gündəliyi üzrə sıx əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı niyyəti bir daha ifadə ediblər.

**

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı aprelin 6-da Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların nəticələri müzakirə edilib.

Eyni zamanda, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların tam şəkildə icrasının, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üzrə üçtərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

Prezidentlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərə başlanılması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması məsələlərini də müzakirə ediblər.

Əvvəlki məqalə

“Türkiyə, Çin, Hindistan təhlükəsizliyimizə qarant ola bilər” –

Sonrakı məqalə

Avstriya kansleri Kiyevə gəlib, Zelenski ilə görüşüb –