Prezident Laçında Hava Limanının təməlini qoyub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar.

Prezident İlham Əliyev tədbirdə çıxış edib.

Dövlət başçısı bildirib ki, bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qoyulur: “Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq.

Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq. Kəlbəcər və Laçın rayonlarında, – mən müharibə başa çatandan sonra elan etmişdim, – yer axtarılacaq və beynəlxalq hava limanları tikiləcək. Yerin axtarışı, əlbəttə ki, çox vaxt apardı. Çünki Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Baxmayaraq ki, hər iki rayonun çox geniş ərazisi var, – dağlar, meşələr, dərələr, təpələr, – düz yol, düz yer demək olar ki, yoxdur. Yeganə bu yer seçildi ki, burada yenə də böyük torpaq işləri aparmaqla hava limanının tikilməsi mümkündür. Hava limanının zolağı bax, arxamdakı yerdə olacaq, indi bunu təsəvvür etmək belə çətindir. Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura – Laçın rayonunun Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Dediyim kimi, burada böyük torpaq işləri aparılacaq. Bəzi boşluqlar doldurulacaq. Yəni, torpaq işləri vaxtımızı aparan əsas işlər olacaqdır.

O ki qaldı uçuş-enmə zolağına, o da standart ölçüdə olmalıdır. Yeni inşa edilən və ediləcək hər üç hava limanında uçuş-enmə zolağı üç kilometrə bərabərdir. Yəni, bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək.

Beləliklə, azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. İndi demək çətindir, bu inşaat nə qədər zaman aparacaq. Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa müddətdə aparılsın. Lakin bildirmək istəyirəm ki, mal-materialların gətirilməsi üçün logistik problemlər var. İndi yay başa çatır, bir müddətdən – oktyabr ayından sonra buralarda qar yağacaq. Mən bunu demək istəməzdim – yollardan istifadə çətinləşəcək. Hər halda, bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir. Bizimlə bərabər, böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər”.

Prezident vurğulayıb ki, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq: “Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək.

Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını, laçınlıları, kəlbəcərliləri, bütün keçmiş köçkünləri ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saxta COVİD-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub –

Sonrakı məqalə

DİM universitetlərə qəbul üçün keçid balları ilə bağlı açıqlama yayıb