Prezident son 20 gündə vətəndaşların 100 müraciətini Adminstrasiyaya göndərib –

On məsələ həll olunub
24 İyul 2020 - 10:25

“Təkcə iyulun 2-dən başlayaraq Siz tərəfdən bizə araşdırılmaq üçün 100 müraciət göndərilib. Araşdırılan müraciətlərin 10-u tam olaraq həllini tapmışdır və yüksək diqqətinizə məruzə edilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, hazırda təqribən 12-15 müraciət yerlərdə həllini tapıb və bununla bağlı məruzəyə hazırlanır:

“Bunlar suyun çatışmazlığı ilə bağlı olan müraciətlərdir, söhbət ondan gedir. Eyni zamanda, suyun çatışmazlığı ilə bağlı 10 müraciətin Sizin tapşırığınız əsasında əlavə potensial imkanlardan istifadə etməklə həlli istiqamətində iş görülür.

Sizin tapşırığınız müvafiq qurumlara çatdırılıb və indi o imkanlar araşdırılır. Ümumiyyətlə, yerlərdə suyun çatışmazlığında əsas məsələ, həqiqətən də suyun olmaması idi. Bəzi hallarda suyun verilməsinin, onun fermerlərə çatdırılmasının sistemliliyi pozulmuşdu.

Tapşırığınıza uyğun olaraq Nazirlər Kabineti ilə birlikdə məsələyə müdaxilə etdikdən sonra nizamlanmış növbəlilik təmin edilmişdir. Arxlar təmizlənmiş, digər texniki çatışmazlıqlar aradan qaldırılıb. Cənab Prezident, hazırda bu istiqamətdə bütün tədbirlər görülməkdədir”-deyə, Prezidentin köməkçisi bildirib.