Prezident və xanımı Daşaltı məscidində olub, açılışlar edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.
Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.
Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.
Dövlət başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verildi. Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən təbiət və tarixlə vəhdət təşkil edən, geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur.
Daşaltı kəndinin rekreasiya zonası təbiətə minimal müdaxilə prinsipi ilə layihələndirilib və təbiətsevərlərin ətraf mühitlə daha sıx əlaqə qurmasına imkan yaradacaq. Layihə müxtəlif yaş qrupları və maraqlara uyğun fəaliyyətləri özündə birləşdirir, həmçinin funksionallıq, sakitlik və macəra arasında tarazlıq yaradaraq, nadir istirahət təcrübəsi təqdim edir.
****
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.
Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək.
***
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq.
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb.
Qeyd edək ki, indiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir.
***
Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 3200 KVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.
Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilib. Tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə bu yarımstansiya “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam-Əsgəran-Xocalı-Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq.
Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə isə şəbəkələrin cari vəziyyətinə dair bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə toplanılır və emal olunur, avadanlıqlar məsafədən idarə edilir və real vaxtda monitorinqi rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Yarımstansiya bu məqsədlə yeni nəsil rəqəmsal texnologiyalar və idarəetmə avadanlıqları ilə təchiz edilib.
Bu Mərkəz şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Yarımstansiyadan qidalanan istehlakçılara elektrik enerjisi verilişində yaranan fasilələr barədə Mərkəz vasitəsilə real vaxt rejimində əvvəlcədən məlumat ötürülmə imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin elektrik şəbəkələrinə inteqrasiyası prosesi Rəqəmsal İdarəetmə Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunduğundan enerji təchizatında fasilələrin yaranma riski minimuma endirilib. Mərkəz alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiyanın işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir.
Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib, ərazisində elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, kompleksə damazlıq, ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləri daxildir. Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Türkiyə və Almaniya texnologiyaları tətbiq olunmaqla fəaliyyət göstərən kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Kompleksdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə ixrac olunacaq.
Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 iş yeri yaradılıb. Gələcəkdə süd istehsalı müəssisəsinin də işə salınmasından sonra işğaldan azad edilmiş ərazilərdə şirkət tərəfindən yaradılan iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektardan çox ərazidə isə payızlıq arpa və buğda əkilib ki, bu da təsərrüfatda yemə olan ehtiyacı qarşılayacaq.
Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir. Regionda istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal edilən texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından, həmçinin burada fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad olunublar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.