“Prezident Zelenski Saakaşvilinin həbsinə aydınlıq gətirilməsini istəyir” –

Prezidentin mətbuat katibi
01 Oktyabr 2021 - 22:42

“Ukrayna Prezidenti Vladimir Zelenski Mixeil Saakaşvilinin bu gün Gürcüstanda həbs edilməsi ilə bağlı xəbərləri yaxından izləyir”.

Bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov özünün “Facebook” səhifəsindəki paylaşımında qeyd edib.

Bildirib ki, Ukraynanın Gürcüstandakı səfirliyi hələ də öz vətəndaşının həbsi ilə bağlı Gürcüstan tərəfindən rəsmi məlumatla təmin edilməyib.

“Biz Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvilinin saxlanılması ilə bağlı xəbərləri yaxından izləyirik. Prezident Vladimir Zelenski bu cür xəbərlərdən və Gürcüstanda vəziyyətin mümkün inkişafı ilə bağlı səsləndirilən bəyanatların tonundan narahatdır. Ukrayna öz vətəndaşına qarşı bu cür addıma görə Gürcüstan tərəfinə bütün şərtlərə və səbəblərə aydınlıq gətirməsi üçün müraciət edir. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də saxlanılma ilə bağlı rəsmi məlumat qəbul etməyib. Amma, bizim konsullarımız artıq Mixeil Saakaşvilinin bütün zəruri yardımlarla təmin edilməsi istiqamətində işləyirlər”, – deyə S. Nikiforov bildirib.(APA)