“Prezidentin köhnə icra başçıları sisteminə güvəni yoxdur” –Deputat Erkin Qədirli  

 “İctimai nəzarət zəif parlament olan yerdə çox da faydalı olmayacaq. Parlamenti gücləndirmək lazımdır.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Erkin Qədirli Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışını “Turan” İA-ya şərh edərkən deyib.

Onun sözlərinə görə, bu sırada Qeyri-hökumət təşkilatları yer alır. Deputat hesab edir ki, güclü ictimai nəzarət üçün qanunlar dəyişməli, sivil toplum üzərindən basqılar götürülməli, münasibətlər liberallaşdırılmalıdır: “Mətbuat azad olmalıdır. İndi köhnə qurum ləğv olundu, yenisi gəldi. İşini necə quracaqlar, hələ ki, bilmirik, amma hər halda jurnalistlərin işi hamının yararınadır. Media azadlığı olmasa, parlament da, sivil toplum da zəif olacaq. Yəni, onların hamısı bir birinə bağlı şeylərdir”.

E.Qədirlinin fikrincə, bütün bu məsələlərin həyata keçirilməsi zəruridir: “Bunun mümkünlüyü isə daha çox hakimiyyətin, konkret olaraq prezidentin iradəsindən asılıdır. Əvvəl bu barədə danışmırdı, indi açıq deyirsə, deməli, bir şeylər etməyə çalışır və ya düşünür bu haqda”.

Deputat qeyd edib ki, zərurəti doğuran şeylər çoxdur: “O cümlədən ordumuzun qələbəsi, torpaqlarımızın işğaldan azad olunması. Qalib gəlmiş xalqı köhnə yollarla idarə etmək olmayacaq. Bunu məncə, hər kəs anlayır. İşğaldan azad olunmuş ərazilərdə yenidən qurulmalı olan yalnız şəhər və kəndlər deyil, həm də ictimai münasibətlərdir. Bax, indi görürsünüz ki, prezident işğaldan azad olunmuş torpaqlarda öz səlahiyyətli nümayəndəlikləri təsis etdi. Bu o deməkdir ki, köhnə icra başçıları sisteminə prezidentin güvəni yoxdur. Bu haqda çox yazmışıq, demişik, sistemin yanlış olduğunu göstərməyə çalışmışıq. Görünür ki, şərait da yetişməli idi. İndi artıq şərait yetişməkdədir”.

Fevralın 1-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində işğaldan azad edilən torpaqlarda bərpa işlərindən danışarkən ictimai nəzarətin vacibliyinə toxunub. “İctimai nəzarət olmasa, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək”, -deyə o vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Turizm Agentliyi “Şahdağ”la bağlı xəbərdarlıq edib –

Sonrakı məqalə

Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının ilk iclasını keçirib