Putin əcnəbilər üçün qanun imzalayıb

- Vətəndaşlıq almaq prosedurunun asanlaşdırılması haqqında
24 Aprel 2020 - 14:35

Rusiya Prezidenti Vladimir Putin əcnəbilər üçün Rusiya vətəndaşlığını almaq prosedurunun asanlaşdırılması haqqında Federal qanunu imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə hüquq informasiya portalı məlumat yayıb.

Qeyd edək ki, Rusiya Dövlət Duması əcnəbilərə Rusiya vətəndaşlığını almaq prosedurunun sadələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni qanun layihəsində Rusiya vətəndaşlığı almaq istəyən xarici ölkə vətəndaşlarına Rusiya vətəndaşlığını qəbul edərkən mənsub olduğu ölkənin vətəndaşlığından imtina etməmək icazəsi verir.

Bundan başqa, yeni qanun ölkə vətəndaşlığını almaq istəyən əcnəbilərdən 3 il Rusiyada yaşamaq məcburiyyəti tələbini də ləğv edir.

Xatırladaq ki, indiyə kimi Rusiya vətəndaşlığı almaq istəyən əcnəbi şəxslər üçün şərtlərdən biri mənsub olduğu ölkənin vətəndaşlığından imtina etmək idi. Bundan sonra isə bu şərt tələb olunmayacaq.