Putin 7 dövlət başçısını görüşə çağırdı:

"İranla bağlı vəziyyət gərginləşir, BMT-nin qərarı məhv edilir"
14 Avqust 2020 - 21:12

Rusiya prezidenti Vladimir Putin İran və Almaniyanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzv-dövlətlərinin başçılarının görüşünün çağırılması ilə bağlı bəyanatla çıxış edib.  

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, bəyanatda deyilir: “BMT Təhlükəsizlik Şurasında İran məsələsi ilə bağlı müzakirələr daha çox gərginləşməyə başlayır. Vəziyyət gərginləşir. İranın ünvanına əsasız ittihamlar səslənir. Təhlükəsizlik Şurasının əvvəlki yekdil qərarlarını məhv etməyə yönəlmiş qətnamə layihələri hazırlanır. Rusiya İran Nüvə Proqramı ətrafındakı nizamlanma ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına tam sadiq qalır, hansı ki, 2015-ci ildə imzalan bu plan böyük bir siyasi və diplomatik nailiyyət idi, silahlı qarşıdurma təhlükəsinin qarşısını almağa imkan verdi və nüvə silahının yayılmaması rejimini gücləndirdi. 2019-cu ildə Rusiya Fars körfəzi zonasında yenilənmiş Təhlükəsizlik Konsepsiyasını təqdim edib. Bu konsepsiyada bölgədəki problemlərin dolaşıqlığını effektiv şəkildə həll etməyin konkret yolları göstərilib. Əminik ki, bir-birimizin mövqelərinə diqqət və məsuliyyətlə yanaşsaq,  hörmətlə və kollektiv şəkildə hərəkət etsək, problemlərin aradan qaldırmaq olar. Dünyanın hər yerində olduğu kimi, bu bölgədə də heç kim tərəfindən şantaj və diktə olunmasına yer olmamalıdır. Birtərəfli yanaşma həlli axtarmağa kömək etmir. Fars körfəzi zonasında bütöv bir təhlükəsizlik konstruksiyası qurarkən, əvvəlcədən xeyli səylər bahasına qura bildiyimiz müsbət “yükü” qorumaq vacibdir. Bunu nəzərə alaraq, ən yaxın vaxtlarda Almaniya və İran rəhbərlərinin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri-dövlət başçılarının onlayn formatda görüşünün keçirilməsini təklif edirik. Məqsəd, BMT Təhlükəsizlik Şurasında qarşıdurma və vəziyyətin gərginləşməsinə imkan verən addımların müəyyən edilməsidir. Birgə Hərtərəfli fəaliyyət Planının həyata keçirilməsi üçün beynəlxalq hüquqi baza yaratmış BMT TŞ-nin 2231 saylı qətnaməsinin davamlı şəkildə icrası üçün kollektiv dəstəyin göstərilməsi vacibdir. Fars körfəzi zonasında təhlükəsizliyin təmin olunması və inamın möhkəmləndirilməsi üçün etibarlı mexanizmlərin formalaşdırılmasını asanlaşdırmaq məqsədi ilə liderlərin görüşü zamanı birgə işin parametrlərini razılaşdırmağı da təklif edirik. Buna bütün ölkələrimizin və region ölkələrinin siyasi iradəsini və yaradıcı enerjisini birləşdirməklə nail olmaq mümkündür. Tərəfdaşlarımızı təklifimizi diqqətlə nəzərdən keçirməyə çağırırıq. Buna alternativ-gərginliyi artırmaq və münaqişənin yaranması riskini yüksəltməkdir. Hadisələrin bu cür inkişafından qaçmaq lazımdır. Rusiya vəziyyəti təhlükəli xəttdən uzaqlaşdırmaqda maraqlı olan hər kəslə konstruktiv qarşılıqlı fəaliyyətə açıqdır. Liderlər danışıqlara prinsipial hazır olacaqları təqdirdə, video sammitin gündəliyini, təşkilati şərtlərini və vaxtını yeddi dövlətin xarici işlər nazirlikləri vasitəsilə dərhal razılaşdırmağı təklif edirik”.