Putin hər üçüncü uşaq üçün ailəyə 14 min dollar verilməsini təklif edib

Rusiya prezidenti Vladimir Putin Uzaq Şərq federal dairəsində yaşayan ailələrə hər üçüncü və ondan sonra doğulan uşaqlar üçün hər birinə 1 milyon rubl (14 min dollar) mükafat verilməsini təklif edib.

RİA-Novosti Kremlə istinadən yazır ki, o hökumətə noyabrın 1-dək bu birdəfəlik sosial ödənişin edilməsi məsələsinə baxılmasını tapşırıb.

Bu müavinəti uşağın doğulmasını VVAQ-da (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi) qeydiyyatdan keçirən ailələr ailə biləcək. Vəsaiti regionda yaşayış sahəsinin alınmasına və ya tikintisinə yönəltmək olar.

Prezidentin bu tapşırığı üzrə məruzəni baş nazir Mixail Mişustin etməlidir.

Bundan başqa hökumətə noyabrın 3-dək Uzaq Şərq dairəsindəki tibb müəssisələrinin vətəndaşların, o cümlədən COVID-19-a yoluxmadan sonra tibbi reabilitasiyası üçün proqrama cəlb edilməsi tapşırılıb.

Həmçinin ucqarlarda və əhalinin seyrək yaşadığı regionlarda dövlət tibb müəssisələrinin maliyyələşdirmə mənbələrinin formalaşdırılması üçün xüsusi tədbirlər həyata keçirilməlidir. Belə tibb müəssisələrinin kreditlər üzrə borclarının silinməsi üçün federal büdcədən əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Bu barədə bütün məruzələr Putinə noyabrın 1-dək edilməlidir.

Rusiyanın əhalisi dalbadal iki ildir ki, azalır və miqrant axını bu azalmanın qarşısını ala bilmir. Azadlıq Radiosunun Rus xidməti Rusiya Statistika İdarəsinə istinadən yazır ki, əhali azalması 2026-cı ilədək artan xətlə davam edəcək. Rosstatın məlumatında deyilir ki, 2020-ci il, yanvarın 1-ə olan məlumata görə Rusiyanın əhalisi 146 milyon 745 min nəfərdir.

2018-ci ilin əvvəli ilə müqayisədə əhali 35 min 622 nəfər azalıb.

Bu il azalmanın artacağı gözlənilir.

2009-cu ildən 2017-ci ilədək Rusiya əhalisi artmaqda idi. Lakin 2018-ci ildə son on ildə ilk dəfə olaraq əhali 99 min nəfər azalıb. 2016-cı ildən sürətlənmiş əhali azalmasının əsas səbəbi olaraq təbii artımın azalması göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ üzrə İşçi Qrupu iclas keçirəcək

Sonrakı məqalə

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib