Putin Kim Çen Indan 5,5 milyard dollarlıq silah alıb- Alman fondundan ARAŞDIRMA

Şimali Koreyanın Rusiyaya 5,5 milyard dollar dəyərində silah satdığı ehtimal edilir.

Azpost.info xəbər verir ki, bu barədə hesablamanı Almaniyanın “Fridrix Nauman Fondu” aparıb.

Tədqiqatda kəşfiyyat hesabatları, sızan sənədlər və Şimali Koreyanın əvvəllər silah satışında olan sursatların dəyəri araşdırılıb. Məbləğ bütün KXDR iqtisadiyyatının təxminən dörddə birinə bərabərdir. Cənubi Koreya Mərkəzi Bankının məlumatına görə, Şimali Koreyanın 2023-cü il üçün ÜDM-i 23,7 milyard dollar olub.

Şimali Koreya silah ixracı ilə bağlı heç bir məlumat dərc etmir, bu da ətraflı təhlili demək olar ki, qeyri-mümkün edir. Cənubi Koreyanın kəşfiyyat agentliklərinin hesabatları Seulun qonşusunun dəniz trafikini izləmək üçün istifadə etdiyi peyk görüntülərinə əsaslanır. Bu məlumatlara görə, Şimali Koreya Rusiyanı ilk növbədə artilleriya mərmiləri və yaxın mənzilli raketlərlə təmin edir.

Fondun araşdırmasında o da qeyd olunur ki, Rusiya Şimali Koreya qoşunlarını Ukraynaya qarşı müharibəyə cəlb edərsə, Pxenyanın Moskva ilə hərbi əməkdaşlıqdan əldə etdiyi gəlir yüz milyonlarla dollar arta bilər.

“Kim Çen In Şimali Koreya rejiminin sabitliyini təhdid etməmək üçün Vladimir Putinə 20 mindən çox əsgər verməyəcək. Bu qədər qoşun isə çətin ki, müharibənin gedişatını Rusiyanın xeyrinə dəyişsin. Bu addım tam əks nəticəyə – Ukraynaya dəstəyin artmasına gətirib çıxara bilər. Bunu Kiyevə öldürücü silahların tədarükünü nəzərdən keçirməyə başlayan Cənubi Koreyanın reaksiyası da sübut edir”, – tədqiqat müəllifi bildirir.

Fond həmçinin bu ilin birinci yarısında KXDR ilə Rusiya arasında rəsmi ticarət dövriyyəsinin 52,9 milyon dollara yüksəldiyini qeyd edib. Bu, bütün 2023-cü illə müqayisədə (34,4 milyon dollar) 18,5 milyon dollar çoxdur. Analitiklər istisna etmirlər ki, illik ikitərəfli ticarət 2017-ci ildə Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsindən əvvəlki səviyyəyə qayıda bilər.

Münasibətlərin dərinləşməsinə Moskva ilə Pxenyan arasında diplomatik səfərlərin artması da sübutdur. Beləliklə, yanvar ayından bəri artıq 24 belə görüş keçirilib, baxmayaraq ki, son üç onillikdə ildə beşdən çox olmamışdı.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.