Tanınmış hüquqşünas, iş adamı İlham Rəhimov musavat.com-a verdiyi müsahibədə tələbə dostu olan Rusiya prezidenti Putinlə bağlı maraqlı məqamı açıqlayıb.
Azpost.info bildirir ki, bu günlərdə 70 yaşını qeyd edən İ.Rəhimov müsahibədə Putinin onun yubileyi ilə bağlı dediklərini açıqlayıb. İ.Rəhimovun sözlərinə görə, Putinlə son görüşü otən ilin sentyabrında olub: “Axırıncı görüşümüz sentyabrda olub. Mənə dedi ki, dostlar – yəni bizim yaxın 2-3 nəfərlik tələbə dostları qrupumuz – soruşur, professoru yubileyində necə təbrik edəcəksən, Rusiya prezidentisən, bir təntənəli təbrik gözləyirik səndən. Bunu Putin mənə danışır… Mən də dedim ki, bu heç yaxşı fikir deyil. Gülə-gülə soruşdu ki, niyə? Dedim, biz gənclik dostuyuq, deyəcəklər ki, prezident öz səlahiyyətindən istifadə edib dostuna mükafat verir. Bunun sözü, söhbəti… ehtiyac yoxdur…”
Putin İ.Rəhimova elm sahəsində fəxri ad vermək istədiyini desə də iş adamı imtina edib: “Putin dedi, dost olmağına, dostuq, amma sən Rusiyada illərdir elmlə məşğul olursan, nə qədər əsərlər yazmısan, dostlar istəyir, mən sənə əməkdar elm xadimi adı verim, nə var ki burada? Dedim, yox, mən tələbə dostumun imzası ilə dövlətin mükafatını qəbul eləmirəm. Putin dedi, hmm, sən, deyəsən, o biri dostlarımızdan müdrik adamsan. Onda gözlə, yeni prezident kim olacaqsa, mükafatı da onun imzası ilə alarsan…”