Putin Rusiyada kasıblara ərzaq talonlarının verilməsini dəstəkləyib

17 Fevral 2021 - 15:06

Rusiya prezidenti Putin aztəminatlı vətəndaşlara ərzaq talonlarının verilməsi təklifini dəstəkləyib.

Azpost.info bildirir ki, Dumanın partiya fraksiyaları ilə görüşündə Putin bu barədə olan müzakirəyə toxunub və deyib ki, ölkədə ərzaq sertifikatının tətbiq olunmasını mümkün sayır.

“Ərzaq sertifikatı barədə müzakirə aparmışıq. Mən hökumətə tapşırıq vermişəm ki, bu məsələ barədə danışsın. Burada müsbət məqamlar və həllediləsi müəyyən problemli məsələlər də var”-deyə prezident vurğulayıb.

Putinin sözlərinə görə, ərzaq talonlarının tətbiqi ilə bağlı düşünmək lazımdır. Eyni zamanda bildirib ki, indi bu məsələ pandemiyanın qaynar vaxtı olduğu qədər aktual deyil: “Buna baxmayaraq, məsələ barədə danışmaq olar”-deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiyada ərzaq kartoçkalarının tətbiqi ilə bağlı təklif son zamanlar dəfələrlə qaldırılıb. Təklifdə hər ay ərzaq alınması üçün müəyyən məbləğin ünvanlı şəkildə aztəminatlı vətəndaşlara çatdırılması əks olunur.