“Putin Ukraynada müharibənin illərlə davam etməsinə hazırdır”- ABŞ Milli Kəşfiyyat İdarəsi

“Rusiya ordusu bu il çətin ki, Ukraynada əhəmiyyətli ərazi uğurları əldə etsin. O, müharibə ili ərzində verdiyi itkilərdən adekvat şəkildə çıxa bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Evril Heyns deyib.

Heyns ABŞ kəşfiyyatının qlobal təhdidlərə dair bu gün açıqladığı illik hesabatını şərh edib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi yaxın gələcəkdə döyüş meydanında mümkün uğurun əldə edilməməsini faciə hesab etmir: “ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya prezidenti Vladimir Putin uzunmüddətli müharibəyə hazırdır və hesab edir ki, bu, Moskvanın Ukraynadakı strateji maraqlarını təmin etmək üçün ən yaxşı variantdır. Hətta silahlı qarşıdurma illərlə davam etsə belə”.

Heynsin fikrincə, əgər Rusiyada yeni səfərbərlik dalğası elan edilməsə və ya Moskva üçüncü ölkələrdən kifayət qədər miqdarda silah və sursat tədarükünü təmin etməsə, rus qoşunları çox güman ki, yeni əraziləri ələ keçirmək planlarından imtina edərək strateji müdafiəyə keçməli olacaq. Və Ukraynada işğal etdiyi əraziləri qorumağa köklənəcək.

ABŞ kəşfiyyatının qənaətinə görə, Rusiya Ukraynada ciddi məğlubiyyətlər yaşamağa başlasa, bu, Putin rejiminin gücünə təsir edə, münaqişənin böyüməsi potensialını artıra bilər.

ABŞ kəşfiyyatı hesab edir ki, hazırda Rusiya ABŞ və NATO ilə birbaşa münaqişəyə can atmır. Lakin Ukraynadakı müharibəyə görə belə münaqişə riski artıb.

Heyns həmçinin qeyd edib ki, Çin dünya ictimaiyyətinin Rusiyanın Ukraynaya təcavüzünü pisləməsinə baxmayaraq, Moskva ilə sıx əlaqələri davam etdirir. Bununla belə, o hesab edir ki, Pekinin Moskvaya açıq dəstəyi məhdud olacaq: “Çin ABŞ-ın dünya səhnəsində əsas rəqibi olmaqda davam edir. Pekinin Moskva ilə əməkdaşlığı digər məsələlərlə yanaşı, ABŞ-a meydan oxumağa yönəlib. ABŞ-a iqtisadi, texnoloji, siyasi və hərbi cəhətdən daha çox meydan oxuyan Çin bizim üçün prioritet olaraq qalır”.

Azpost.info

Əvvəlki məqalə

“Ermənilər hərbiçilərimizin Xəlfəli yoluna gələcəyini necə dəqiq biliblər?” –

Sonrakı məqalə

Kəlbəcər, Daşkəsən, Gədəbəy, Xocavənd, Laçın, Xocalı və Şuşadakı mövqelərimiz atəşə tutulub