“Putinin sarayı olsaydı mən bilərdim” –İlham Rəhimov dostunun harada yaşadığını açıqladı

“Navalnı məni filmdə o qəsrin tikintisinin maliyyə bosslarından biri kimi təqdim edir. Burada heç bir sirr yoxdur ki, Putin hakimiyyətə gələnə qədər də, ondan sonra da tələbə yoldaşı kimi bizim yaxın münasibətlərimiz olub.

Azpost.info bildirir ki, bu sözlər hüquq professoru, iş adamı İlham Rəhimov musavat.com-a müsahibəsində Rusiya müxalifətinin lideri Navalnının rezonans doğuran filmi barədə danışarkən deyib.

Onun sözlərinə görə, prezidentlər də bizim kimi insanlardır: “Elə iş-ev həyatı sürmürlər ki… Onların da dostlarla dərdləşməyə, dincəlməyə, fikir bölüşməyə ehtiyacları olur. Bizim dostluğumuz heç zaman qırılmayıb. Gənclik dövründən bir-birimizin qonağı olmuşuq… Putin prezident seçiləndən sonra da… Bilirsinizmi, bunları niyə danışıram? Biləsiniz ki, əgər onun Gəlincikdə qəsri olsaydı, mən onu bilərdim. O qəsrin Putinə bağlılığı yoxdur”.

İlham Rəhimovun sözlərinə görə, Putin dövlətin mülkiyyəti olan iqamətgahlarda yaşayır: “Prezidentin iqamətgahlarını sizə sayım… Moskvada – Rublyovkada prezident iqamətgahı, Soçidə “Boçarov ruçey” iqamətgahı, Peterburqda Şimal İqamətgahı – Konstantin Sarayında yerləşir, bir də Krımdakı rəsmi iqamətgah. Hər birində dəfələrlə qonaq olmuşam. Bu iqamətgahlar hamısı dövlətindir, Rusiya prezidenti üçündür. Putindən qabaq kim prezident idisə, o yaşayırdı, ondan sonra kim prezident olacaqsa, o yaşayacaq”.

Onun sözlərinə görə, bu iqamətgahlar dəbdəbədən uzaqdır: “Sadə, rahat.. Bir dənə artıq element tapmazsınız. Dövlət necə təhvil veribsə, elə. Bir məqam var ki, Putin prezident seçiləndən sonra o iqamətgahlarda idman zalı qurulmasını istəyib. Soçidəki iqamətgah bilirsiniz haçandan qalıb? Xruşov dönəmindən. Orada dənizə düşmək üçün ya gərək nə qədər yolu piyada gedəsən, ya da bir köhnə dəmir lift var, minəndə danqıltısı aləmi götürür, onunla düşəsən. Nə var, onu deyirəm sizə… Piterdəki Konstantin Sarayı 150 illik binadır. O qədər bərbad, baxımsız bina idi ki… İçərisində bomjlar yaşayırdı. Restavrasiya elədilər, oldu prezident iqamətgahı. İqamətgahlardan ən yenisi Krımdadır. Qorbaçov dönəmində tikilib. Yəni bu binalar hamısı Prezidentin İşlər İdarəsinin balansında olan binalardır. Əgər Gəlincikdəki saray Putinin olsaydı, mən bu barədə bilərdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azad edilmiş rayonlarda inventarlaşdırma işləri davam etdirilir –

Sonrakı məqalə

Qubadlı rayonunun Mirlər kəndindən görüntülər –