“Rusiyanın müttəfiqlərinə təzyiq edirlər, Moskva onlara bütün lazımi yardımı göstərəcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“Biz bilirik ki, müttəfiqlərimizə hansı təzyiqlər edilir. Təhdid, şantaj, intriqalardan istifadə olunur. Bütün bunlar bizdən daha da birləşməyi, daha fəal və aydın fəaliyyət koordinasiyasını tələb edir. Rusiya yaranan təhlükələri neytrallaşdırmaq və suverenliyi qorumaq üçün müttəfiqlərinə lazımi yardımı göstərməyə davam edəcək”, – Şoyqu deyib.
Onun sözlərinə görə, Qərb KTMT ölkələri arasında müttəfiqlik münasibətlərini pozmağa çalışır: “Biz təşkilat çərçivəsində bütün əsas sahələr üzrə əməkdaşlığı daha da inkişaf etdirmək əzmindəyik. Bu, həm də ona görə vacibdir ki, Qərb ölkələri məqsədyönlü şəkildə KTMT dövlətləri arasında müttəfiqlik münasibətlərini pozmağa çalışırlar”. Şoyqu bildirib ki, KTMT sərhədləri boyu uzunmüddətli gərginlik ocaqları formalaşır: “Bu şəraitdə kollektiv təhlükəsizlik sisteminə daxil olan qüvvələrin, qərarların qəbulu mexanizmlərinin və böhranlı vəziyyətlərə reaksiyanın dəqiq əlaqələndirilməsi və davamlı təkmilləşdirilməsi tələb olunur”.
Xatırladaq ki, hazırda KTMT-nin üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır.
Azpost.info