Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə KOBİA Medianın İnkişafı Agentliyi arasında müzakirələr davam etdirilir. Müvafiq qurumların media sahəsinin kömək xarakterli təklifləri dəyərləndirilməkdədir.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Ə.İsmayılov bildirib ki, media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır:
“Eyni zamanda MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır. Media dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb”.
“Onlayn media subyektlərinə güzəştlərinin müəyyən edilməsi üzərində müvafiq nazirlikdə iş gedir”.
O bildirib ki, xarici ölkədə yerləşən serverlərin daxili DATA mərkəzə yerləşdirilməsi üçün müvafiq nazirlikdə İşçi qrup yaradılıb.
Ə. İsmayılov qeyd edib ki, hazırda çap mediası və onlayn mediaya dəstək göstərilir: “Bu dəstək yalnız inkişafa dəstək məqsədi daşımalıdır. Bununla bağlı monitorinqlər aparmışıq və nəticələr əlimizdə var. Maddi dəstək sırf inkişafa meylli olmalıdır. Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək. Bizim mediamız çoxdur və hamı da öz peşəkarlığını ortaya qoymaq istəyir. Biz bu imkanı onlara təqdim etmək istəyirik”.
O diqqətə çatdırıb ki, jurnalistləri peşəkarlığının artırılması ilə bağlı da işlər gedir.