Son günlər bəzi media orqanlarında “2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətləri (“çörəkpulu”) kəsiləcək” məzmunlu məlumatlar yayılıb. AzPost bildirir ki, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi açıqlama verib.
Komitə məlumatı təkzib edərək qeyd edib ki, müavinətin verilməsi ilə bağlı heç bir yeni qərar qəbul olunmayıb. Belə ki, vahid aylıq müavinətin verilməsi prosesi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsasında aparılır və həmin qaydalar dəyişməyib.
Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara bu müavinət verilməməlidir. Bu müddəa illərdir qüvvədədir və hazırda da eyni formada tətbiq olunur. Komitə vurğulayıb ki, uşağın valideynlərindən biri məcburi köçkün statusu daşımadıqda, ona “çörəkpulu” ödənilmir.
Açıqlamada həmçinin bildirilir ki, bu yanaşma əvvəlcədən təsdiq edilmiş qaydaların icrası çərçivəsində həyata keçirilir və ictimaiyyətə yanlış təsəvvür yaratmaq məqsədi daşıyan məlumatlar reallığı əks etdirmir.
Komitə vətəndaşlara çağırış edərək yalnız rəsmi mənbələrə istinad etməyi və yayılmış əsassız məlumatlara inanmağı tövsiyə edib.
İlkin mənbə: Modern.az