Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən artırılacaq. AzPost bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların pensiya yaşı 2017-ci ildən başlayaraq hər il 6 ay artırılır.
2024-cü ilin iyulundan 64 yaşa çatmış qadınların pensiya yaşı bu il iyunun 30-da başa çatır və 1 iyul 2025-ci ildən 64 il 6 aya yüksələcək. Bu dəyişikliklə qadınların pensiya yaşı tədricən kişilərlə bərabərləşir.
Qeyd edək ki, kişilərin pensiya yaşı 2021-ci ildən 65 yaşa çatıb. Gələn il 1 iyul tarixindən isə qadınların pensiya yaşı tam olaraq kişilərlə eyni – 65 yaş olacaq.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya yaşı çatmış şəxsin fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyasına çatdıqda, onun sığorta stajından asılı olmayaraq pensiya hüququ yaranır. Əks halda isə ən azı 25 il sığorta stajı tələb olunur.