Qafqazın Şeyxi və Muftisi –Vəhdət təbliğ edən iki din xadimi

Ötən həftə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin 65 yaşı tamam oldu.

Şeyxülislam Allahşükür Paşazadə müftiyə yazdığı təbrikdə S.Musayevin ünvanına ən xoş və isti ifadələr işlədib.

QMİ son 45 illik tarixində hacı Salman Əfəndinin fəaliyyəti ilə bağlı özünün undulmaz səhifələrini saxlayır. Azərbaycanda məzhəblərarası qardaşlığın möhkəm bağlarının qorunub saxlanımasında Hacı Salmanın böyük rolu var.

Salman Musa oğlu Musayev 1958-ci ildə Gürcüstanın Dumanisi rayonunun Hamamlı kəndində fəhlə aləsində anadan olub. Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, Daşkənd İslam İnistutunu və Liviyadakı İslam Çağırışı Universitetini bitirib.

Əvvəlcə Tbilisi “Cümə” məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referant vəzifəsini icra edib.

 

Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini təyin edilib. 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə həmin idarəyə müfti vəzifəsinə seçilib.

Müsəlmanlar arasında böyük hörmətə malik olan Müfti Hacı Salman Əfəndi dünyanın nufuzlu ali məclislərinin iştirakçısı olub. O, uzun müddət “Hacı Əjdərbəy” məscidinin imam-xətib vəzifəsini icra edib.

Müfti Salman Musayev Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında uzun illər xalqımızın dini-mənəvi dəyərlərinin, o cümlədən ölkəmizdə tarix boyu mövcud olmuş tolerantlıq ənənələrinin qorunub saxlanmasında böyük xidmətlər göstərmiş nüfuzlu din xadimidir. Azərbaycanda dinlərarası və məzhəblərarası dialoqun, eləcə də vəhdət və qardaşlıq mühitinin inkişaf etdirilməsində onun xidmətləri danılmazdır.

Salman Musayev İslamın, milli-mənəvi dəyərlərimizin təbliği işinə dəyərli töhfələr verib. Mufti Azərbaycanda yaşayan müxtəlif din və millətlərin nümayəndələri arasında qədim əsrlərdən bəri hökm sürən qarşılıqlı ehtirama söykənən irsin layiqli təbliğatçısıdır. O daim müsəlman məzhəbləri arasında, həm də ölkə əhalisinin əsas hissəsini təşkil edən müsəlmanlarla digər dinlərin mənsubları arasında birliyi, qardaşlığı təbliğ edən yorulmaz din xadimidir.

“Azərbaycanda şiə və sünni məzhəblərindən olan dindarlar bir məsciddə, bir imamın arxasında namaz qılır. Belə mənzərəni, əminəm ki, dünyanın heç bir yerində görə bilməzsiniz. Allahımız bir, dinimiz bir, azan vaxtımız bir, namazda surə və ayələrini oxuduğumuz Quran bir, rikət sayı eyni olduqdan sonra niyə ki, namazımızı birlikdə qıla bilməyək? Qollarımızı namaz vaxtı açıq və ya bağlı tutmağımız buna necə əngəl ola bilər ki?” – deyə  Hacı Salman  Xorvatiyanın “Vecernji list” qəzetinə müsahibəsində demişdi.

Müfti Azərbaycanda dinlərarası tolerantlıq prinsiplərinin öz çıxışlarında və həyat tərzində daim nümayiş etdirir. Qafqazın muftisi olaraq Hacı Salman nufuzlu beynəlxalq tribunalarda Azərbaycan prezidenti İlham Əliyevin multkultural siyasətini layiqincə təbliğ edən aparıcı din xadimlərimizdəndir.

2013-cü ildə Moskvada Beynəlxaq Forumda Hacı Salman müsəlman din xadimlərinə xitabən “Bir sıra müsəlman ölkələrində yaşanan problemlərin səbəbi islam deyil, inamsızlıqdır” demişdi. İslamın daim sülh dini olduğunu vurğulayan Salman Musayev din xadimlərinə xitabən cəmiyyətdə yüksək mənəviyyatın, dəyərlər səviyyəsinin qalxmasının ən ümdə iş olduğunu bəyan etmişdi. Mufti bu dəyərlərdən çıxış edir və dünyəvi cəmiyyətlərdə yaşayan müsəlmanların mənəvi -əxlaqi keyfiyyətlərinin qorunmasında bu prinsiplərin mühümlüyünü vurğulayır.

 

S.Musayev hər kəsin Allah qarşısına öz seçdiyi həyat mövqeyi ilə çıxacağına əmindir. Odur ki, Müfti din xadimlərinin qarşısında əsas məsələ  olaraq müqəddəs dinimizin prinsiplərini, Quran və Peyğəmbər sünnəsi, İslama zidd olmayan çoxəsrlik milli ənənələri sonrakı nəslə ötürməyi mühüm hesab edir.

Öz çıxışlarında çağdaş dövrümüzdə dini sahədə mühüm olan məqamları göstərərək Mufti deyir ki, İslamın mənəvi-etik dəyərlərini doğru təqdimatının zəruriliyi yaranıb. Sülh və tolerantlığın təbliğinə daha çox diqqət verilməlidir.

Vətən Müharibəsi zamanı Şəhid dəfnlərinin təşkili, ağır mərasimlərin kədərli xatirəsi Muftinin ən ağır xatirəsi, Qələbə xəbəri ömrünə yazılan ən xoş gün oldu.

QMİ sədri Allahşükür Paşazadə ilə sıx dostluğu olan mufti Hacı Salman QMİ-nin idarəçiliyində aparıcı şəxslərdəndir. Şeyxülislamla birgə olduğu nufuzlu konfranslarda eyni “nəbzi” vuraraq Azərbaycan dindarlarının vəhdətini, birliyini və qardaşlığını təcəssüm etdirirlər.

Onun xidmətlərini dövlətimiz unutmayıb.

Prezident İlham Əliyev tərəfindən Hacı Salman Musayev “Şöhrət” ordeni, eyni zamanda “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

A.ABBASOV

 

 

 

 

 

 

Əvvəlki məqalə

Rusiya Baltik dənizi üzərində Almaniya döyüş təyyarəsini geri qaytarıb

Sonrakı məqalə

“Real Madrid” “Çelsi”ni məğlub edib –