Qanunla toqquşan şəxslərin həyatı adətən kriminal hadisələrlə gündəmə gəlir. Lakin onların maliyyə imperiyaları, gizli sərvətləri və bu sərvətlərin idarə olunması da bir o qədər maraq doğurur.
Valyuta.az dünyanın ən məşhur cinayətkarlarının əldə etdikləri qeyri-qanuni gəlirləri və bu gəlirlərin formalaşdırdığı sərvətləri beynəlxalq araşdırmalara və hesabatlara əsaslanaraq təqdim edir:
“El Çapo” (Joaquín Guzmán) – Meksika narkobaronu
Meksika narkotik kartellərinin simvolik fiquru hesab olunan “El Çapo”nun sərvəti “Forbes” jurnalına görə, ən yüksək dövrlərində 1 milyard dollara yaxın olub. “Sinaloa Karteli” vasitəsilə ABŞ-a və digər ölkələrə yüz milyonlarla dollar dəyərində narkotik maddə daşınıb. Onun sərvətinin böyük hissəsi nağd və daşınmaz əmlak şəklində idi.
Pablo Eskobar – “Kokain kralı”
Kolumbiyalı narkobaron Pablo Eskobar 1980-ci illərdə “Medellin Karteli”nin rəhbəri olaraq gündəlik təxminən 420 milyon dollar qazanırdı. Onun sərvətinin 30 milyard dollara çatdığı təxmin edilir. Eskobarın sərvətinin bir hissəsi o qədər böyüyüb ki, onu saxlamaq üçün kənd evlərində torpağın altına basdırılıb, milyardlarla nağd pul siçanlar tərəfindən yeyilib.
“Frank Abagnale” – Dələduzluğun ustası
Həyatı “Catch Me If You Can” filmində əks olunan Frank Abagnale 1960-cı illərdə saxta çeklərlə milyonlarla dollar əldə etmişdi. Onun xalis sərvəti konkret bilinməsə də, illərlə təyyarə pilotu, həkim və vəkil kimi fəaliyyət göstərərək dövlətləri və bankları aldatdığına görə sərvətinin milyonlarla dollar olduğu güman edilir. Hazırda “FBI” ilə əməkdaşlıq edir və qanuni şəkildə məsləhətçi kimi fəaliyyət göstərir.
Dawood İbrahim – Hindistanın ən çox axtarılan adamı
“D-Company” adlı kriminal şəbəkənin rəhbəri olan Dawood İbrahim narkotik, qumar və qanunsuz silah ticarəti ilə milyardlarla dollar qazanıb. Onun xalis sərvətinin 6.7 milyard dollar civarında olduğu təxmin edilir. O, beynəlxalq terror fəaliyyətləri və Hindistan iqtisadiyyatına yönəlik cinayət şəbəkələri ilə də əlaqələndirilir.
“Al Capone” – Çikaqo imperiyasının qurucusu
ABŞ-ın ən məşhur mafiya liderlərindən biri olan Al Capone, 1920-ci illərin spirtli içki qadağası dövründə spirtli içkilərin qeyri-qanuni satışı ilə böyük sərvət toplamışdı. Onun xalis sərvəti təxminən 100 milyon dollar olmuşdu. Capone vergi pozuntularına görə həbs olunmuşdu və bu hal tarixdə ilk dəfə idi ki, böyük bir mafiya lideri maliyyə cinayətlərinə görə məsuliyyətə cəlb edilirdi.
Maya Hüseynova