Qarabağ separatçılarının sabiq hərbi komandanına Rusiyaya giriş qadağan edilib

03 Mart 2020 - 22:29

Martın 2-də Rusiya hakimiyyətinin Masis Mailyan və Samvel Babayanın Rusiyaya girişini 5 il müddətinə məhdudlaşdırdığı barədə qeyri-rəsmi məlumat əldə olunub.

Bu barədə bu gün Ermənistanın “Qraparak” nəşri məlumat yayıb. Qəzet bu qərarın səbəbini, habelə məlumatın mənbəyini açıqlamır. Qeyd edək ki, Mailyan və Babayan 31 martda separatçı  rejimin keçirməyi planlaşdırdığı “prezidenti seçkilərində” birgə çıxış edirlər.

Masis Mailyan separatçıların hökumətində “xarici işlər naziri” vəzifəsini tutur, Babayan isə Qarabağ separatçılarının silahlı qüvvələrinin keçmiş komandanıdır.

Mailyan qarşıda duran “seçkilərdə” namizəddir, Samvel Babayan isə 10 il Qarabağda yaşamadığına görə bu imkandan məhrumdur.

Qəzetin məlumatı təsdiqini taparsa, bunu Moskvanın Qarabağda bu şəxslərin hakimiyyətə gəlməsini istəməməsi kimi qiymətləndirmək olar. Bu halda Yerevanın dəstəklədiyi namizəd hesab olunan Araik Arutyunyanın şansı artır. (Turan)