Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

Qarabağ Universitetində təhsil almaq istəyən abituriyentlər üçün yeni imkan yaradılıb. Yeni tədris ilindən etibarən universitetin bir sıra mühəndislik ixtisaslarında təhsil alan tələbələr Türkiyənin nüfuzlu ali məktəblərindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə ikili diplom proqramına qoşula biləcəklər.

Proqrama əsasən, aşağıdakı ixtisaslar üzrə təhsil alan tələbələr bu imkandan yararlanacaqlar:

İnşaat mühəndisliyi;

Elektrik və elektronika mühəndisliyi;

Mexanika mühəndisliyi;

Kimya mühəndisliyi.

İkili diplom proqramına uyğun olaraq tələbələr 3 il Qarabağ Universitetində, 1 il isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Təhsili uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim ediləcək.

Bildirilib ki, tədris prosesi tamamilə ingilis dilində həyata keçiriləcək. Dərslərin bir hissəsi İstanbul Texniki Universitetinin professorlarının iştirakı ilə keçiriləcək.

Bundan əlavə, proqram çərçivəsində tələbələr üçün Türkiyədə istehsalat təcrübəsi, yay məktəblərində iştirak və beynəlxalq akademik mühitdə təhsil almaq imkanları da yaradılacaq.

Qeyd edək ki, İstanbul Texniki Universiteti Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunur və beynəlxalq universitet reytinqlərində dünyanın ilk 300 universiteti sırasında yer alır. Bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq əlaqələrinin genişlənməsi və mühəndis kadrlarının hazırlanması baxımından mühüm addım kimi qiymətləndirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.