Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə əhəmiyyətli dərəcədə artıb. İqtisadçı-ekspert Razi Abasbəyli bildirib ki, kredit portfelinin ümumi həcmi hazırda 34,3 milyard manat olsa da, vətəndaşların kredit öhdəliklərini yerinə yetirmək imkanları ildən-ilə zəifləyir.
Ekspertin sözlərinə görə, 2025-ci ilin iyul ayında problemli kreditlərin həcmi 527 milyon manat olduğu halda, 2026-cı ilin iyulunda bu göstərici 36 faiz artaraq 719,4 milyon manata yüksəlib.
Razi Abasbəyli qeyd edib ki, hazırda problemli kreditlərin ümumi kredit portfelindəki payı 2,1 faiz təşkil edir və bu, beynəlxalq standartlara görə hələ kritik hədd hesab olunmur. “Bir çox ölkələrdə problemli kreditlərin payı 5–10 faiz və daha yüksək olur. Azərbaycanda göstərici hələlik nəzarət olunan səviyyədədir. Lakin artım tempi ciddi narahatlıq doğurur”, – deyə ekspert bildirib.
Bir ayda 84 milyon manat artım
İqtisadçının sözlərinə görə, xüsusilə son bir ayda artım sürətlənib. Belə ki, 2026-cı ilin iyun ayında problemli kreditlərin həcmi 635 milyon manat olduğu halda, cəmi bir ay ərzində bu məbləğ 84 milyon manat artaraq 719 milyon manata çatıb.
Ekspert hesab edir ki, mövcud dinamika davam edərsə, problemli kreditlərin həcmi bir il ərzində 2 milyard manata çata bilər. “Burada əsas diqqət edilməli məqam məhz artım tempidir. Bu tendensiya davam etsə, artıq ciddi risklər yaranacaq”, – deyə o vurğulayıb.
Artımın əsas səbəbləri
Razi Abasbəyli problemli kreditlərin sürətlə artmasını bir neçə amillə əlaqələndirib:
-son illərdə ərzaq və xidmət qiymətlərinin bahalaşması nəticəsində ailə büdcələrinə düşən yükün artması;
-istehlak kreditləri üzrə yüksək faiz yükü;
-kütləvi ixtisarlar və iş yerlərinin itirilməsi səbəbindən vətəndaşların gəlirlərinin azalması.
Onun fikrincə, bu amillər kredit ödənişlərinin gecikməsinə və problemli borcların artmasına səbəb olur.
Ekspert bildirib ki, problemli kreditlərin artımı iqtisadi fəallığa da mənfi təsir göstərir və ölkə iqtisadiyyatının zəifləməsini sürətləndirə bilər. Razi Abasbəyli hesab edir ki, Mərkəzi Bank prosesə operativ müdaxilə etməli, xüsusilə kreditlərin sığortalanması mexanizminin yaradılması istiqamətində addımlar atmalıdır. “İndiki tendensiya ölkə iqtisadiyyatının kiçilməsini sürətləndirəcək. Mərkəzi Bank operativ şəkildə prosesə müdaxilə etməlidir. Xüsusilə kreditlərin sığortalanması mexanizmi hazırlanmalıdır”, – deyə ekspert əlavə edib.
S.Abdulla
