“Qarabağdan gələn qaçqınların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”.
AzPost bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqına müraciətində deyib.
Paşinyan bildirib ki, Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar olub. “Bu məsələdə ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının rolu əvəzsizdir. Avqustun 8-dən sonra biz tamam başqa, tamamilə yeni Cənubi Qafqazda yaşayırıq”.
Paşinyan deyib ki, illər ərzində Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyini və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub: “Hələ 2025-ci ilin martında parlamentdə açıq şəkildə bəyan etmişdim ki, mən Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Dedim əgər xalq razı olmasa, inqilab etsin. Xalq inqilab etmədi. Başa düşür ki, Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz”.
“Azərbaycan Prezidenti ilə birlikdə biz BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, nəhayət, keçmiş münaqişənin səhifəsini bağlamaq və parlaq gələcəyə yol çəkmək zərurətini elan etdik. Biz bəyan etdik ki, beynəlxalq sərhədlərin dəyişdirilməsi üçün gücdən istifadənin yolverilməzliyi prinsipi qeyd-şərtsiz olaraq qalır. Bu, xalqlarımız üçün keçmişdəki düşmənçiliyi qoyub mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi fürsətdir. Biz intiqam almaq cəhdlərini qətiyyətlə rədd etdik – həm bu gün, həm də gələcəkdə”-deyə Paşinyan vurğulayıb.