Qarabağın minalardan təmizlənməsi neçə il çəkə bilər?

06 İyun 2021 - 18:10

İki jurnalist və bir yerli icra nümayəndəsi Azərbaycanda, Kəlbəcərdə minaya düşərək həlak olub. Rəsmi məlumata görə, yaralananlar da var, ancaq onların sayı hələlik açıqlanmır.

İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq yeddi aya yaxın vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb: azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir.

Bu hadisədən öncəki məlumatlara görə, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş əraziləridə minalara düşmə nəticəsində 21 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər ağır yaralanıb.

Bu il insanların minaya düşməsi hadisələri əsasən Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının bildirdiyinə görə, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Bəs Azərbaycanın geri aldığı torpaqların minalardan təmizlənməsi nə qədər çəkə bilər?

Landmine Monitor Report nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv km-dən 830 kv km-dək ola bilər. Bu rəqəmlər dəyərləndirmə səciyyəlidir və növbəti dəqiqləşdirilmə işi aparıldıqdan sonra azalma istiqamətində dəyişə bilər.

“Azərbaycanda 2013-2017-ci illərdə 19,44 kvadrat km ərazi minalardan təmizlənib, bu isə ildə orta hesabla 4-5 kvadrat km ərazinin təmizlənməsi deməkdir”,-deyə LMR yazır.

Odur ki, ANAMA ekspertlərinin Qarabağın 10-15 ilə minalardan təmizlənə biləcəyi barədə proqnozu, necə deyərlər, optimist dəyərləndirmə, yəni ən minimal göstərici də sayıla bilər.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının rəhbəri Hafiz Səfixanov azad olunmuş torpaqların minalardan təmizlənməsi müddətinə dair dəqiq rəqəmin deyilməsinin hal-hazırda mümkün olmadığı qənaətindədir. O qeyd edib ki, əvvəllər belə rəqəmlər deyilirdi, “çünki ərazinin çirklənmə səviyyəsi bilinmirdi və ona görə də təxmini belə deyilirdi.”

“İşğaldan azad olunmuş ərazi çox böyükdür, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. Bundan başqa ən əsas amil, bu ərazilərdə hələki heç bir təhqiqat aparılmayıb. Ona görə də hal-hazırda müddət bildirmək mümkün deyil“, – Hafiz Səfixanov deyib.

Misal üçün, Yuqoslaviyanın dağılmasından sonra öz ərazisinin bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada ərazilərin minalardan təmizlənməsi 20 ilə başa gəlib, Mozambikdə analoji iş 23 ilə görülüb.

Mina xəritələri

Hər bir ölkə hərbi əməliyyatlar apardığı zaman həmin ərazidəki hərbi xəritələrdə öz minaladığı ərazilərin yerini göstərir. Hücum və ya müdafiə vaxtı bu minalanmış ərazilərin xəritəsindən istifadə edilir. Məsələn, bir hissə təmizlənir və ordu həmin ərazidən keçib hücuma gedir.

Müharibə başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul olan Azərbaycan müharibədən öncə mövcud olmuş təmas xətti boyu və işğalda olan ərazilərdəki minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb edib. ”Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var”, Prezident İlham Əliyev bildirib.

Ermənistan isə onda belə bir xəritənin olmasını nə təsdiq, nə də təkzib edib.

Hansı minalar var?

Minalar tank və piyada əleyhinə olur, müasir minaların müxtəlif növləri mövcuddur. Mürəkkəb qaydada, misal üçün, infraqırmızı şüa və ya elektrik siqnalla da işə düşəni var, ağırlığın təsirindən partlayanı da. Mexaniki təsir nəticəsində və ya ağırlıq altında partlayan minaların istehsalı daha ucuz başa gəldiyindən bu tip minalar daha çox yayılıb.

Minaların müxtəlifliyinə rəğmən, tank əleyhinə minaların əksəriyyətini piyada əleyhinə minalardan fərqləndirən əsas cəhət minanı işə sala biləcək çəki, ağırlıq həddidir.

Belə ki, piyada əleyhinə mina ayaq altında və ya insan ona toxunarkən partlayırsa, tank əleyhinə minanın işə düşməsi üçün ona təsir göstərən ağırlıq qüvvəsi ən azı 130-150 kilodan çox olmalıdır. Tank əleyhinə minaların əksəriyyəti üçün isə bu göstərici 200 kiloqram təşkil edir.

Odur ki, tank əleyhinə minanın dağıdıcı gücü piyada əleyhinə minanın gücünü qat-qat üstələsə də, insan üçün daha təhlükəli məhz sonuncudur.

Piyada əleyhinə minaların müəyyən növləri insanı öldürməyə yox, onu məhz şikəst etməyə hesablanıb.

Azərbaycan minaları hansı yolla axtarır?

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Hafiz Səfixanov qeyd edir ki, sahənin təmizlənməsi həmin “ərazinin mina ilə çirklənməsindən, relyefdən və müəyyən qədər də hava şəraitindən asılıdır.”

“Bizdə çirklənmə böyükdür, bundan başqa ərazidə həddindən artıq metal qırıntıları ilə çirklənmə də var. Yəni mina axtaranların detektorları hər bir metal qırıntısına reaksiya verir və mina təmizləyən buna adekvat reaksiya verməlidir. Metal qırıntılarının çox olması mina təmizləmənin sürətini çox aşağı salır“, – ekspert vurğulayıb.

Hafiz Səfixanov qeyd edir ki, “mina xəritələrinin olması işin sürətinə təsir edən amildir.”

“Lakin indi bu xəritələrə (əgər verilərsə) inam məsələsi ortaya çıxıb”, – ekspert bildirib.

Mina təmizlənməsi işində robotlardan, heyvanlardan istifadə olunmasına gəldikdə isə, Hafiz Səfixanov bildirib ki, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində “axtarış itlərindən və robotlardan istifadə yeni deyil.” “Hələ 2000-ci illərin əvvəlindən başlayaraq Azərbaycanda minaların təmizlənməsində həm itlərdən, həm də robotlardan istifadə olunur,” – ekspert vurğulayıb.

Hazırkı faktiki vəziyyətə görə, Qarabağın böyük bir hissəsi və 5 kilometr enində Laçın dəhlizi Rusiya hərbi kontingentinin məsuliyyət zonasına aiddir. Həmin ərazidə minalardan təmizləmə işini Rusiya hərbçiləri öz texnikası və mütəxəssisləri ilə aparır.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, keçən ilin noyabrın 23-dən başlayaraq 2115 hektar ərazi və 656 kilometr ümumi uzunluğunda yollar minalardan təmizlənib, 1832 bina sapyorlar tərəfindən yoxlanılıb, 25611 partlama təhlükəsinə malik əşya aşkar edilərək zərərsizləşdirilib.

Rusiya MN qeyd edir ki, bu işlərə hər gün 10 hərbi qulluqçu cəlb olunur.

İşğaldan azad olunmuş qalan ərazilərdə isə Azərbaycan minaları özü Türkiyənin köməyi ilə təmizləyir. (BBC)