“Qarabağla bağlı diplomatiyada əlbəyaxa döyüşə hazır olmalıyıq” –Politoloq Zaur İbrahimli

“Rusiya xarici işlər naziri  Lavrovun Ermənistan səfəri Moskvanın daha çox 44 günlük Vətən Müharibəsinin nəticələrini İrəvan üçün yumşaltmaq, ermənilər üçün manevr imkanları yaratmaqda israrlı olduğunu nümayiş etdirdi”.

Azpost.info bildirir ki, bu barədə politoloq Zaur İbrahimli bildirib.

Onun fikrincə, bunun müqabilində Moskva Ermənistanda zədə almış reputasiyasını, Ermənistan daxili siyasətində həlledici təsirini bərpa etməyə, hərbi iştirakının əsaslarını gücləndirməyə çalışır: “Moskva üçün son iki amil çox mühümdür. Ermənistanda Saakaşvili Gürcüstanının siyasətinin bu və ya digər formada təkrarlanması Rusiya üçün real təhlükədir, hələ də bunun üçün  real imkanlar var. Ruslar tədricən bu imkanları azaltmağa, ABŞ-ın təsirini zəiflətməyə çalışırlar. Ruslar bu məqsədlə müxtəlif alətlərdən istifadə edirlər, ən başlıcası isə  Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr sazişinin müddəalarının şərhi və yozumudur.

Z.İbrahimlinin sözlərinə görə, Moskva ermənilər üçün öz maraqlarını irəli sürməkdə imkanlar yaradır, yaxud ikibaşlı şərhləri ilə ermənilərdə sazişin ziddinə tələblər səsləndirməkdə motivasiya yaradır: Hazırda əsas taktiki vəzifə 20 iyun parlament seçkilərində ən azı  parlamentdə hökumət qərarlarına legitim təsir edəcək Rusiya fraksiyasının yaranmasına nail olmaqdır. Gürcüstanda da belə başladılar və sonda bacardılar.

Politoloq qeyd edib ki, ruslar eyni zamanda Azərbaycanın 44 günlük Vətən Müharibəsinin nəticələrinindən bəhrələnmək və bölgədəki vəziyyəti bunu uyğun dizayn etmək imkanlarını məhdudlaşdırmağa çalışırlar: Məhz buna görə Minsk qrupunu yenidən aktivləşdirməyə maraq göstərirlər. 10 noyabr sazişinin tam şəkildə həyata keçirilməsinə mane olurlar, kommunikasiyaların açılmasında əlavə şərtlər irəli sürürlər, bunun ətrafında sövdələşmə açmağa niyyətlidirlər.

Görünən budur ki, Azərbaycan yaxın perspektivdə rusların bu mövqeyi ilə üz-üzə qalmalı olacaq. Bakı Türkiyə ilə birgə hərəkət etməklə Moskvanı müəyyən çərçivədə qalmasına nail ola bilir. İndiki məqamda bu özü də az naliyyət deyil. Daha irəli getmək üçün daha geniş ittifaqlara ehtiyac olacaq.

Türkiyə ilə birlikdə qətiyyətini qorumaqla, kommunikasiyaları açmaqla Bakı yenni ittifaqlar üçün imkanlar əldə edə bilər. Ermənistanda seçkilərin nəticələrindən asılı olaraq Moskvanın təsirini azaltmaq üçün yeni fürsətlərin yaranması mümkündür

Z.İbrahimli deyib ki, Azərbaycan üçün yaxın perspektivdə Qarabağ bölgəmizdə yaşayan ermənilər üçün nə təklif edəcəyimiz də əhəmiyyətlidir: Şübhəsiz ki, qırmızı çizgimiz suverenliyimiz, ərazi bütövlüyümüzdür.  Bu iki təməl şərti gözləməklə müxtəlif dinc birgəyaşayış modelləri nəzərdən keçirilməlidir. Bu məsələdə təşəbbüskar olmalıyıq və suverenliyimiz, ərazi bütövlüyümüzün qəbul edilməsi şərti ilə öz strateji yanaşmamızı, təkliflərimizi masaya qoymalıyıq.

Biz etməsək başqaları təşəbbüsü ələ alacaq. Necə ki, Şuşanı əlbəyaxa döyüşdə aldıq, diplomatiyada da buna bənzər əlbəyaxa döyüşə hazır olmalıyıq. Əsas üstünlüyümüz qətiyyətimiz, döyüş ruhumuz, haqlı tərəf olmağımız, ittifaqlarımızdır. Təcrübə də göstərdi ki, kənar güclərin  iş bərkə düşəndə “İskəndəri” köməyə çağırması da istənilən nəticəni vermir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən Müharibəsində itkin düşmüş kapitanın nəşi tapılıb –

Sonrakı məqalə

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır