“Ölkə” qəzeti və Müstəqil Həmkarlar Birliyi ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış jurnalist, peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, neçə-neçə məhşur imzaların müəllimi olmuş mərhum Qardaşəli Teyyubov adına xüsusi Media Diplomu təsis edib.
Bu barədə mayın 16-da “Səs” qəzetinin redaksiyasında keçirilən mətbuat konfransında məlumat verilib. Müstəqil Həmkarlar Birliyi sədri Fuad Əliyev bildirib ki, diplom Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən jurnalistlərə tədqim olunacaq.
O, qeyd edib ki, münsiflər heyəti tərəfindən Azərbaycan mətbuatında çalışan media mənsublarının son 6 aylıq fəaliyyəti monitorinq ediləcək və işinə peşəkar və məsuliyyətli yanasan, məqalə və araşdırma yazılarında vətəndaş mövqeyindən çıxış edən, azərbaycançılığı, hərbi vətənpərvərliyi, ölkəmizin tarixi torpaqlar çərçivəsində bütövləşməsini, diaspor təşkilatlarının və fəallarının fəaliyyətini diqqətdə saxlayan, Azərbaycan xalqının milli mənəvi dəyərlərini təbliğ edən jurnalistlər arasından qaliblər seçiləcək.
“Qardaşəli Teyyubov” xüsusi Media Diplomuna layiq görülən qələm sahiblərinə xatirə hədiyyələri də təqdim olunacaq. Tədbirdə ölkənin tanınmış media kapitanları, jurnalistlər, o cümlədən hüquq müdafiəçiləri iştirak edib. Tədbirdə iştirak edən nərhum jurnalistin oğlu, tanınmış ictimai fəal, hüquq mudafiəsiçisi, “Ölkəqezeti.az” saytının rəhbəri Xəzər Teyyublu iştirakcılara və tədbirin keçirilməsinə şərait yaradan “Səs” qəzetinin rəhbərliyinə və redaksiya heyətinə təşəkkürünü bildirib.
O, qeyd edib ki, atası mərhum Qardaşəli müəllim sözə, xəbərə hər zaman sadiq qalıb, daim obyektiv, ədalətli və qərəzsiz olmağa çalışıb. “Biz onun halal maaşı ilə, müxtəlif kütləvi informasiya vasitələrindən aldığı qonorarla böyümüşük. Bizim evimizə haram tikə girməyib. O, bizi də bu ruhda böyüdüb. Mənim sonradan ictimai-siyasi proseslər qatılmağım, fəal olmağım da onun verdiyi tərbiyənin nəticəsi idi. Çünki o, bizi hər zaman ədalətli olmağa səsləyir, dürüstlüyü təlqin edirdi”-deyə, o, bildirib.
Q.Teyyubovun yetirməsi və həmkarı, yazıçı publisist Maşallah Məftun, “Həftəiçi” qəzetinin parlament müxbiri Tahirə Qafarlı, “Missiya” TV-nin rəhbəri Nicat Dağlar mərhum jurnalistlə bağlı xatirələrini bölüşüb, Qardaşəli müəllimin keçdiyi həyat yolu, vaxtilə işlədiyi kütləvi informasiya vasitələrindəki, müxtəlif qəzetlərdəki əmək fəaliyyətindən söhbət açıb, onun milli mətbuatın inkişafına verdiyi töhfələrdən bəhs ediblər.
Müstəqil jurnalist Elman Cəfərli Azərbaycan mətbuatının inkişafında özünəməxsus yeri olan Qardaşəli Teyyubov adına xüsusi Media Diplomunu təsis edənlərə təşəkkürünü bildirib: “Sovet dövründə çap olunan qəzetlərdə çalışsa da Qardaşəli Teyyubov Azərbaycan dilində yazıb, ana dilimizin inkişafına xidmət göstərib. 1991-ci ildə “Ülfət” qəzetinin qurulmasına böyük rol oynamış Qardaşəli Teyyubov müstəqil Azərbaycan mətbuatına inkişafına da töhfələr verib. Bu cür halal, zəhmətkeş insanın, usta qələm sahibinin xatirəsinin ayd olunması, adının yaşadılması tədqirəlayiqdir”.
Qeyd edək ki, Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Bakıda Sənaye Texnikumunu bitirdikdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni bitirib. Universitetə daxil olduğu ildən “Azərbaycan pioneri” qəzetinin ştatdankənar əməkdaşı olub, “Bakı”, “Kommunist” qəzetlərində, “Təşviqatçı” jurnalında çalışıb, radioda ayda bir dəfə 20 dəqiqəlik verilişin aparıcısı olub. “Bakı” qəzetində görkəmli ictimai xadim, alim, jurnalist Nəsir İmanquliyevin rəhbərliyi altında çalışıb. Şamaxıda nəşr olunan “Yeni Şirvan” qəzetinə mutəxəsis dəvət olunub, sonradan hemin qəzetdə məsul katibin müavini vəzifəsində çalışıb.
Qardaşəli Teyyubov 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan “Texniki tərəqqi uğrunda” qəzetinin baş redaktoru işləyib. 1991-ci ildən ömrunun sonuna qədər Həmkarlar İttifaqının orqanı olan “Ülfət” qəzetinin qurucusu və şöbə müdiri vəzifəsində çalışıb. 1986-cı ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilib. 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının mətbuat orqanlarında səmərəli yaradıcılığına görə “Fəxri Fərman”la təltif edilib. “Qızıl Qələm” mükafatı laureatıdır.
Q.Teyyubov 2012-ci il 27 noyabr vəfat edib və doğulduğu Şamaxı rayonu Əngəxaran kəndində torpağa tapşırılıb.