Qazaxıstanda 2024-cü il yanvarın 1-dən “Milli Fond-Uşaqlara” layihəsi rəsmən fəaliyyətə başlayıb.
Azpost.info bildirir ki, layihə çərçivəsində Milli Fondun investisiya gəlirlərinin 50%-i 18 yaşadək uşaqların Vahid Yığım Pensiya Fondundakı (VAPF) xüsusi hesablarına köçürüləcək.
Artıq fevral ayından 2006-cı il və ondan sonrakı illərdə doğulmuş uşaqların hesablarına ilk ödənişlər köçürələcək.
Qazaxıstan hökuməti neft gəlirlərini daha səmərəli idarə etmək üçün 2000-ci ildə Qazaxıstan Respublikasının Milli Fondunu yaradıb. Neft-qaz şirkətlərindən vergi daxilolmaları bu fondu toplanır.
Maliyyə nazirinin müavini Dauren Temirbekovun sözlərinə görə, uşağın əmanətlərinin proqnozlaşdırılan məbləği təxminən 3500 ABŞ dolları ola bilər. Layihədən ancaq Qazaxıstan vətəndaşı olan uşaqlar yararlana biləcək. Təklifə əsasən, uşaq 18 yaşına çatdıqda hesablardan ödənişlər dollarla aparılacaq.
Vəsait uşağın mülkiyyətinə o 18 yaşına çatdıqdan sonra veriləcək. O, vəsaitdən necə istifadə edəcəyinə, təhsilə və ya mənzil almaq üçün ayıracağına müstəqil qərar verəcək. Vəsait xaricdə təhsil üçün də yönləndirilə bilər.
Mənzil alışı ilə bağlı tələb isə fərqli olacaq. Yalnız Qazaxıstanda mənzil almağa icazə veriləcək. Alınmış mənzillərin yenidən satışına məhdudiyyət qoyulmayacaq. O da qeyd olunur ki, körpə dünyaya gələn kimi Ədliyyə Nazirliyinin məlumat bazası əsasında avtomatik hesablar açılacaq. Vəsait həmin ilin yanvarından uşaq 18 yaşına çatana qədər şərti olaraq onun hesabına köçürüləcək.
Vəsaitlərin təyinatı üzrə istifadəsinə də nəzarət ediləcək. Bunun üçün müvəkkil operatorların və bankların müəyyən edilməsi təklif olunur. “Uşaq hesabına toplanan vəsaitdən yalnız 18 yaşında istifadə edə bilər. Eyni zamanda bu hesabların vergidən azad edilmısi də təklif olunur”, – rəsmilər deyir.
Layihəyə əsasən, əgər 18 yaşına çatmamış uşaq Qazaxıstanı tərk edib vətəndaşlığını dəyişirsə, ödənişləri tələb etmək hüququndan məhrum olunur. Ona aid məbləğ yerdə qalan uşaqlar arasında bölüşdürülür. 18 yaşına çatmamış uşaq ölkəni tərk edəndən sonra vətəndaşlığını dəyişməzsə, vəsaiti tələb etmək hüququnu özündə saxlayır. Uşaq 18 yaşına çatandan sonra hesabdakı vəsait 5 ildən 10 ilədək saxlanılır. Bu müddət ərzində onu tələb etməzsə, vəsaitin pensiya hesabına köçürülməsi təklif olunur. Yığılıb-qalmış pul vəsaitlərinin mülki qanunvericiliyin tələbi ilə vərəsəlik yolu ilə ötürülməsi də mümkündür. Bu, ona görədir ki, uşaq fəaliyyət qabiliyyətini itirdikdə valideynlərə, qəyyumlara qanuna uyğun qaydada həmin vəsaitdən istifadə etmək hüququ verilsin.
Azpost.info