Xəbər verdiyimiz kimi, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasında Azərbaycanın vətəndaş cəmiyyətlərinin təmsilçiləri də iştirak edir.
Sessiyada gender bərabərliyi, qadınların hüquqlarının qorunması, onların ədalətə çıxışı, informasiya almaq imkanlarının genişləndirilməsi və s. kimi mövzularda müzakirələr keçirilir.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi İdarə Heyətinin üzvü Günay Həsənova sessiya çərçivəsində “Qadınların səslərinin təşviqi: Mədəni ifadədən ədalətə doğru” mövzusunda keçirilən konfransdakı ümumi müzakirələrdə çıxış edib.
Bu barədə ictimai birliyin sədri Şəhla Nağıyeva məlumat verib. Onun sözlərinə görə, Günay Həsənova çıxışında diqqəti Azərbaycanın yaradıcı gənc qadınlarının ədəbiyyat və incəsənət vasitəsilə cəmiyyətə təsir imkanlarından söhbət açıb. O, BMT qurumlarını, hökumətləri və tərəfdaşları yaradıcı təhsili və hüquqi savadlılığı inteqrasiya etməyə, həmçinin mədəniyyətlə hüquq arasında körpü rolunu oynayan vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləməyə çağırıb.
Qeyd edək ki, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının sessiyası qadın hüquqları və gender bərabərliyi sahəsində qlobal müzakirələrin aparıldığı ən mühüm beynəlxalq platformalardan biridir.
