Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “COP29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonu 2 saylı tam orta məktəbdə keçirilib.
Bu barədə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov məlumat verib. Onun sözlərinə görə, dəyirmi masa formatında keçirilən tədbirdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisi, Salyan rayonunun tanınmış ictimaiyyət nümayəndələri, rayonun əməkdar müəllimləri, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.
Layihə rəhbəri Rüstəm Məlikov ötən ilin payızında Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ekoloji missiyaları barədə tədbir iştirakçılarını məlumatlandırmış və bu işdə dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin üzərinə düşən ictimai məsuliyyətdən danışmışdır. Əməkdar müəllimlər Allahverdi Piriyev və Sehranə Rzayeva çıxış edərək Azərbaycanın bu qlobal tədbirdə əldə etdiyi uğurlardan, həmçinin beynəlxalq əməkdaşlıq forumunda qazandığı zəngin təcrübədən danışmış, həmçinin dünyanın ekoloji düzəninin sağlamlaşması işində ölkəmizin töhfələrini xatırlatmışlar.
Rayon ictimaiyyəti adından ağsaqqallar şurasının sədri Məhəmməd Ağayev çıxış edərək gənc nəslin nümayəndələrinə ekoloji vərdişlərə yiyələnməkdə tövsiyələrini vermişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Gülhüseyn Ağayev təbiətin mühafizəsi işində əldə olunan təcrübəni şagirdlərlə bölüşdü. Məktəb direktoru Aygün Manafova bu əhəmiyyətli tədbirin rəhbərlik etdiyi təhsil ocağında təşkilinə görə layihə komandasına təşəkkürünü bildirdi.
Məktəbin şagirdləri dəyirmi masada aktiv iştirak edərək onları narahat edən məsələləri dilə gətirdilər və maraqlı təkliflər verdilər. Tədbirdə iştirakçılara maarifləndirici press-relizlər paylanıldı və birgə şəkil çəkdirildi.
“Ana Kür” İctimai Birliyi fəaliyyət planına uyğun olaraq 3 ay davam edəcək layihə çərçivəsində müxtəlif maarifləndirici görüşlər, dəyirmi masalar və ekoloji konfranslar təşkil etməklə COP29-un mesajlarını cəmiyyətin müxtəlif təbəqələri arasında yaymağa davam edəcək.