Qış yorğunluğu hansı hallarda ciddi xəstəlikdən xəbər verir?

Qış aylarında yorğunluq və halsızlıq bir çox insan üçün adi hal hesab olunur. Lakin bəzi hallarda bu vəziyyət ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. AzPost bildirir ki, bu barədə tibb elmləri namizədi, terapevt həkim Oksana Serebryakova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, soyuq mövsümdə fizioloji yorğunluq əsasən gün işığının azalması, D vitamini çatışmazlığı və fiziki aktivliyin aşağı düşməsi ilə əlaqədardır. Ancaq halsızlıq uzun müddət davam edərsə və əlavə əlamətlərlə müşayiət olunarsa, bu, orqanizmin xəstəlik barədə xəbərdarlığı ola bilər.

Həkim xüsusilə diqqət yetirilməli olan bir sıra əlamətləri qeyd edib. Onun sözlərinə görə, 2–3 həftədən çox davam edən davamlı yuxululuq və laqeydlik depressiya və ya qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsinə işarə edə bilər.

Tam dincəlməyə və kifayət qədər yuxuya baxmayaraq keçməyən daimi yorğunluq anemiya, ürək çatışmazlığı və ya ikinci tip şəkərli diabetlə əlaqəli ola bilər. Eyni zamanda güclü susuzluq hissi, tez-tez sidiyə çıxma və səbəbsiz çəki itkisi şəkərli diabetin xarakterik əlamətləri kimi göstərilir.

Mütəxəssislər ayaqlarda ödemlərin yaranması və adi fiziki hərəkətlər zamanı, məsələn pilləkənlə qalxarkən nəfəs darlığının meydana çıxmasını da təhlükəli siqnallar sırasında qeyd edirlər. Bu hallar ürək çatışmazlığının ilkin əlamətləri ola bilər.

Oksana Serebryakova vurğulayıb ki, yorğunluq gündəlik həyata, iş fəaliyyətinə və sosial ünsiyyətə mane olursa, mütləq həkim müayinəsindən keçmək lazımdır. Onun fikrincə, vaxtında aparılan tibbi qiymətləndirmə ciddi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına kömək edə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.