Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Aleksandr Lukaşenko senthabrın 24-də Çin səfiri ilə görüşü zamanı özünün xəlvəti inaqurasiyası və Qərb ölkələrinin onun prezident kimi legitimliyini tanımamasına dair şərh verib.
BelTA dövlət xəbər agentliyinin məlumatına görə Lukaşenko deyib: “Qışqır-bağır salıblar ki, bizi tanımırlar. Bilirsiniz, biz seçkimizi, yenicə seçilmiş prezidneti tanıyıb-tanımamasını heç kimdən xahiş etməmişik. Əsas odur ki, bu bizim kontitusiyamıza uyğun olsun. Əgər onlar bunda bir uyğunsuzluq görsələr, yaxşısı budur bunu desinlər”.
Lukaşenko deyib ki, Belarus qanunlarına görə hakimiyyət inaqurasiya barədə hansısa Qərb dövlətlərinə bildiriş verməyə borclu deyil, çünki bu ölkənin “daxili işidir”.
Onun sözlərinə görə “burada nə sirr, nə də sehrbazlıq olmayıb”.
Lukaşenka deyib ki, inaqurasiyaya iki minə yaxın şəxs dəvət edilib: “Ən çox təəccübü qonşularımız yaradıblar. Qonşuları Allah verir, onları seçmirlər və biz yanaşı yaşamağa, dostluq etməyə məhkumuq. Amma görünür bu, heç də həmişə belə olmur. Qonşu dövlətlər, xüsusilə də Polşa, bilirsiniz, hansı mövqeyi tutublar. Dünənki inaqurasiyaya görə bunlarda inciklikmi deyim, iradmı deyim, yaranıb ki, biz bu tədbiri keçirəcəyimiz barədə polyaklara, litvalılara ukraynlara, çexlərə və ya daha kimlərəsə məlumat verməmişik”.
Lukaşenko deyib ki, onun avtomobil karvanı qeyri-ənənəvi şəkildə Minsk küçələrindən keçib: “Biz bütün şəhərdən keçdik, adamlar da bunu gördülər. Buna görə də heç bir sirr yoxdur. Mən indiki prezidentin inaqurasiyasına hər hansı böyük, fantom əhəmiyyət vermirəm. Bu adi iş situasiyasıdır”.
Sentyabrın 23-də Belarusun tarixində ilk dəfə olaraq ictimaiyyətdən gizli şəkildə inaqurasiya keçirilib.
Bunun ardınca ölkənin bir çox şəhərlərində etiraz aksiyaları başlanıb. Hüquq-mühafizə orqanları Minskdə nümayişi qəddarlıqla dağıdıb, 360 nəfər saxlanıb.
Qərb ölkələrinin bu hadisəyə reaksiyası birmənalı olub. Onlar bəyan ediblər ki, Belarusda seçki nə azad, nə də ədalətli keçirilib, buna görə də Aleksandr Lukaşenkonın inaqurasiyası və yeni prezidentlik müddəti legitim hesab edilə bilməz.
ABŞ bəyan edib ki, Lukaşenkonı Belarusun qanuni prezidenti hesab etmir.
Dövlət Departamentinin bəyanatında deyilirdi ki, Birləşmiş Ştatlar Aleksandr Lukaşenkonı legitim seçilmiş prezident saya bilməz, çünki seçki nəticələri “fırıldaq” olub.