Çində yaşayan bir ata qızının sağlam qidalanması üçün inanılmaz addım atıb. AzPost xəbər verir ki, o, yaşadığı şəhərdəki işindən ayrılaraq təxminən 900 kilometr uzaqda təhsil alan qızının yanına köçüb və onun üçün “ev yeməyi” hazırlamaq məqsədilə kiçik iaşə köşkü açıb.
Məlumata görə, qız universitet yataqxanasında verilən yeməklərin keyfiyyətindən şikayət etdikdən sonra ata bu vəziyyətə biganə qala bilməyib. O, əvvəlcə barbekü restoranında işləyirdi, lakin dərhal işini tərk edərək qızının oxuduğu şəhərə köçmək qərarı verib.
Ata universitetin yaxınlığında kiçik strit-fud köşkü quraşdırıb və hər gün qızına özü yemək bişirməyə başlayıb. Lakin ilk gün işlər istədiyi kimi getməyib – o, cəmi yeddi porsiya sata bilib. Bu, hətta qızının repetitorluqdan gündəlik qazancından da az olub.
Qız atasının fədakar davranışını sosial şəbəkələrdə paylaşdıqdan sonra hekayə qısa müddətdə böyük diqqət çəkib. Universitetin digər tələbələri, müəllimlər və yaxınlıqda yaşayan sakinlər köşkə axışmağa başlayıblar. Qız da dərslərlə yanaşı atasına kömək etməyə başlayıb.
Məlum olub ki, ata və qızı bir neçə il öncə ananı – leykoz xəstəliyindən itiriblər. Ana vəfat etməzdən əvvəl ata qızına söz verib ki, o, harada oxuyarsa-oxusun, yanında olacaq. Qız bildirib ki, atası bu sözü tam yerinə yetirib və onun qayğısı “günəş kimi içini isidir”.