Tədqiqatçılar qlobal çöküşü modelləşdirib: Hansı ölkələr ərzaq, enerji və əsas infrastrukturu daha uzun müddət qoruya bilər?
Nüvə qışı, böyük asteroidin Yerə çırpılması və ya digər qlobal miqyaslı fəlakət baş verərsə, bəzi dövlətlər digərləri ilə müqayisədə daha dayanıqlı ola bilər. Araşdırmalar göstərir ki, üstünlüyə əsasən əhalisini ərzaq və enerji ilə müstəqil təmin edə bilən ada ölkələri malikdir.
İki elmi araşdırmada ən dayanıqlı dövlətlər sırasında Avstraliya, Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya, Vanuatu və Solomon adaları göstərilir. Lakin söhbət onların mütləq şəkildə xilas olacağından deyil, ən ağır ssenarilər zamanı nisbi üstünlüklərindən gedir.
2021-ci ildə Sustainability jurnalında dərc olunan araşdırmalardan birində qlobal miqyaslı böyük çöküşdən sonra dövlətlərin əsas ictimai və iqtisadi sistemlərini qorumaq imkanları qiymətləndirilib. Ən yüksək göstəriciləri Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, Avstraliya və İrlandiya əldə edib.
Tədqiqatçılar xüsusilə Yeni Zelandiyanı perspektivli ölkə kimi qiymətləndiriblər. Ölkənin üstünlükləri sırasında coğrafi təcrid olunması, inkişaf etmiş kənd təsərrüfatı və öz enerji resurslarının olması göstərilib. Bununla belə, Yeni Zelandiya bir sıra mallar, yanacaq və avadanlıqlar üzrə xarici tədarükdən asılıdır.
Digər elmi araşdırmada isə daha ekstremal ssenari nəzərdən keçirilib. Burada nüvə müharibəsi, güclü vulkan püskürməsi və ya böyük asteroidin Yerə çırpılması nəticəsində günəş işığının kəskin azalması ssenarisi araşdırılıb.
Tədqiqatçılar 38 ada dövləti və ərazini müqayisə ediblər. Qiymətləndirmə zamanı ərzaq istehsalı imkanları, enerji sistemi, sənaye, tibb, infrastruktur və rabitənin vəziyyəti, eləcə də böhran zamanı dövlətin sabitliyini qorumaq qabiliyyəti nəzərə alınıb.
Ən ağır ssenaridə xüsusilə Avstraliya dayanıqlı ölkə kimi fərqlənib. Hesablamalara görə, ölkənin potensial ərzaq istehsalı imkanları adambaşına gündə minimum 2 200 kilokalori səviyyəsindən əhəmiyyətli dərəcədə yüksək göstəricini qorumağa imkan verə bilər.
Yeni Zelandiya, İslandiya, Vanuatu və Solomon adaları da kifayət qədər ərzaq potensialını qoruyub saxlaya bilərdi. Bu iki araşdırmanın nəticələri əsasında sonuncu iki dövlət və əvvəlki tədqiqatın liderləri birlikdə ən dayanıqlı yeddi ölkə kimi tez-tez qeyd olunur.
Bununla belə, araşdırmaların müəllifləri bu dövlətləri “dünyanın sonu” zamanı zəmanətli sığınacaq hesab etmirlər. Müasir kənd təsərrüfatı yanacaq, gübrə, texnika və ehtiyat hissələrindən, iqtisadiyyat isə işlək təchizat zəncirlərindən asılıdır.
Buna görə də kifayət qədər ərzaq istehsal edə bilən ölkələr belə dünya ticarəti və infrastrukturun uzun müddət dağılması halında ciddi problemlərlə üzləşə bilər.
Araşdırmalar yalnız qlobal böhran zamanı hansı ölkələrin sağ qalmaq üçün daha əlverişli ilkin şərtlərə malik olduğunu göstərir.