Qlobal hərbi xərclər tarixi rekord vurub- "İlk beşlik"də kimlər var? (RƏQƏMLƏR)

Qlobal hərbi xərclər Ukraynadakı müharibə fonunda tarixi rekorda imza ataraq 2023-cü ildə 2,44 trilyon dollara çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SPIRI) hesabatında bildirilir.

XƏRCLƏR NİYƏ ARTIB?

İl ərzində qlobal hərbi xərclər 6,8 faiz artıb ki, bu da 2009-cu ildən bəri rekord göstəricidir. Eyni zamanda, son 15 ildə ilk dəfə olaraq bütün beş coğrafi regionda xərclər artaraq qlobal ÜDM-in 2,3 faizinə çatıb.

“2023-cü ildə qlobal hərbi xərclərin artması, ilk növbədə, Ukraynada davam edən müharibə və Asiya, Okeaniya və Yaxın Şərqdə geosiyasi gərginliyin artması ilə izah oluna bilər”, – ekspertlər qeyd edirlər.

İLK BEŞLİK

Müdafiə xərclərinə görə ilk beş ölkə 2022-ci ildən bəri dəyişməyib. ABŞ bu göstəricidə liderliyini davam etdirir. 2023-cü ildə onlar 916 milyard dollar və ya milli ÜDM-in 3,4 faizini müdafiəyə ayırıblar (bir il əvvəl 877 milyard dollar və ya ÜDM-in 3,5 faizi).

Çin 296 milyard dollar və ya ÜDM-in 1,7 faizini (292 milyard dollar, 2022-ci ildə ÜDM-in 1,7 faizi) xərcləyib. Rusiya 109 milyard dollar və ya ÜDM-in 5,9 faizi (86,4 milyard dollar, ÜDM-in 4,1 faizi) ilə üçüncü yerdədir. Onları Hindistan (83,6 milyard dollar və ya ÜDM-in 2,4 faizi) və Səudiyyə Ərəbistanı (75,8 milyard dollar və ya ÜDM-in 7,1 faizi) izləyir.

RUSİYA, UKRAYNA

Rusiyanın 2023-cü ildə hərbi xərcləri 2022-ci illə müqayisədə 24 faiz, 2014-cü illə müqayisədə isə 57 faiz artıb. Hərbi ehtiyaclara edilən xərclər bütün büdcə xərclərinin 16 faizini təşkil edirdi ki, bu da SSRİ-nin dağılmasından sonra rekord göstəriciyə çevrildi. Bununla belə, SPIRI qeyd edir ki, Rusiya maliyyə sisteminin artan qeyri-şəffaflığı səbəbindən cari xərclərin məbləği çox qeyri-müəyyəndir.

Dövlət büdcəsindən əlavə, hərbi sektor üçün vəsait müəssisələr, fiziki şəxslər və təşkilatlar kimi büdcədənkənar mənbələrdən daxil olur.

“2023-cü ildə Rusiyanın hərbi xərclərinin artması, əsasən, ölkənin neft və qaz gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, gözləntiləri üstələyən Rusiyanın iqtisadi göstəriciləri ilə bağlı olub”, – analitiklər yazır. Onlar 2026-cı ilə qədər Rusiyanın hərbi xərclərinin daha da artacağını proqnozlaşdırırlar.

Ukrayna öz növbəsində müdafiə xərclərini 51 faiz artıraraq 64,8 milyard dollara çatdırıb ki, bu da bütün dövlət xərclərinin 58 faizini təşkil edir. “Eyni zamanda, Kiyevin xərcləri Rusiya xərclərinin 59 faizinə çatıb. Lakin Qərb müttəfiqlərinin 35 milyard dollarlıq hərbi yardımını nəzərə alsaq, bu pay 91 faizə yüksələcək”, – SPIRI hesab edir.

NATO ÖLKƏLƏRİ

NATO-nun 31 ölkəsinin ümumi xərcləri 1,34 trilyon dollar və ya qlobal ümumi xərclərin 55 faizini təşkil edib. Birləşmiş Ştatlar Alyansda 68 faiz paya malikdir. Eyni zamanda, blokun 11 ölkəsi 2023-cü ildə hərbi xərclərin ÜDM-in 2 faizinə qədər artırılması vəzifəsini yerinə yetirib ki, bu da son on ildə rekord göstəricidir.

Azpost.info

 

Əvvəlki məqalə

Ermənistan-İran avtomobil yolu bağlanıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Rusiyaya səfərə gedib